“Xiaomi” şirkəti dünyada ən güclü smartfon təqdim edib
Çinin “Xiaomi” şirkəti dünyada ən güclü smartfon təqdim edib. “Black Shark 2 Pro” smartfonu maye soyutma sisteminə malik səkkiznüvəli “Qualcomm Snapdragon 855 Plus” prosessoru, 12 QB əməli yaddaş və modeldən asılı olaraq 128 QB və ya 256 QB daxili yaddaşla təchiz edilib.
“ICTnews” Elektron Xəbər Xidməti “
iz.ru” saytına istinadən yazır ki, iki əsas kameranın təsvir ölçüsü 48 və 12 meqapiksel, ön kameranın təsvir ölçüsü isə 20 meqapiksel təşkil edir. Aparat sürətli enerjidoldurma imkanına malik 4000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib. Smartfona 6,39 düym diaqonallı və 2340x1080 piksel təsvir ölçüsünə malik “AMOLED” displey quraşdırılıb.
Barmaq izi skaneri ekrana quraşdırılıb. Cihaz “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi altında işləyir. İstehsalçının bəyanatına görə, “AnTuTu” reytinqində smartfon 500 mindən çox bal toplayıb, bu da onu bildirir ki, cihaz dünyada ən sürətli aparatdır.
Sözügedən smartfonun satışına 2 avqustda start veriləcək. 128 QB-lıq yaddaşa malik versiyanın qiyməti 435 dollar, 256 QB-lıq versiyanın qiyməti isə 508 dollar təşkil edəcək.
Emil Hüseynov