“Microsoft” şirkətinin bu il 10 yaşını qeyd edəcək “Windows 7” əməliyyat sisteminin dəstəklənməsini tədricən dayandırmağa hazırlaşmasına baxmayaraq statistikaya əsasən, əksər böyük şirkətlər ondan və daha köhnə “Windows XP” sistemindən imtina etməyə tələsmir.
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, “Spiceworks” şirkətinin məlumatına görə, 2019-cu ildə şirkətlərin 32 faizinin qurğularında hələ də “Windows XP” əməliyyat sistemindən istifadə olunur. Bu, iki il əvvəlin göstəricisindən 10 faiz azdır.
“Microsoft” 2001-ci ildə buraxılan “Windows XP” sisteminin dəstəklənməsini 2014-cü ildə dayandırıb və təhlükəsizlik yenilənməsi ilə təmin etmir.
“Windows 7” sistemindən isə tədqiqatda iştirak edən şirkətlərin 79 faizində istifadə davam edir. Bu göstərici 2017-ci ildən 5 faiz azalsa da, yüksək olaraq qalır.
“Spiceworks” nümayəndələrinin sözlərinə görə, korporativ qurğularda əməliyyat sistemlərinin köhnə versiyalarının mövcudluğu yeni əməliyyat sistemlərində işləməyən köhnəlmiş proqramlardan istifadə və istehsalçı tərəfindən yenilənməyən proqram təminatının quraşdırılması ilə izah olunur. Əksər hallarda əməliyyat sisteminin yeni versiyalarının quraşdırılması üçün maliyyələşmə və digər resurslar yetərli olmur.
“Windows 7” sistemindən istifadə edən şirkətlərin 67 faizi 2020-ci ilin yanvarınadək – dəstəklənmə başa çatan müddətədək əməliyyat sisteminin daha yeni versiyalarına keçməyi planlaşdırır. Daha 25 faiz isə dəstəklənmənin bitməyini gözləmək və bundan sonra yeni əməliyyat sistemlərinə keçmək niyyətindədir.
Nizam Nuriyev