“IDC” analitik şirkəti 2019-cu ilin ikinci rübündə dünyada smartfonların tədarük həcminin 2,3 faiz azalmasını açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, tədqiqatçıların məlumatına görə, qlobal bazara 333,2 milyon mobil qurğu çıxarılıb. Bu göstərici 2018-ci ilin aprel-iyununda 341,2 milyona bərabər olub. Bununla yanaşı, tədarük həcmi əvvəlki rübə nisbətdə 6,5 faiz artıb.
Sahədəki vəziyyəti xarakterizə edən şirkət nümayəndələri qeyd edib ki, əksər regionlarda müşahidə edilən azalma xüsusilə Çin və ABŞ-da özünü daha çox büruzə verib. Buna baxmayaraq mütəxəssislər tərəfindən Çində müəyyən müsbət tendensiyalar qeydə alınıb: dünyanın ən böyük smartfon bazarında tədarük 2018-ci ilin aprel-iyununda olduğu kimi azalmayıb ki, bu da tələbatın qismən bərpa olmasını nümayiş etdirir.
Qeyd olunur ki, illik hesablamada analiz sahə üzrə liderlər “Samsung” və “Huawei” şirkətlərinin payının artmasını və bazarın digər üç iştirakçısı – “Apple”, “Xiaomi”, “Oppo” şirkətlərinin bazar payında azalmanı və ya artımın olmamasını göstərir.
“IDC” şirkətinin məlumatına görə, “Samsung” smartfonların tədarükünü 5,5 faiz artıraraq 75,5 milyon ədədə çatdırıb. Bunu nəzərə almaqla onun bazar payı 22,7 faiz təşkil edib. Bir il əvvəl bu nəticə 21 faiz olub. “Huawei” şirkətində 8,3 faiz artım (58,7 milyon qurğu) və 17,6 faiz (2018-ci ilin aprel-iyununda 15,9 faiz) bazar payı qeydə alınıb.
“Apple” şirkəti 33,8 milyon “iPhone” tədarük etməklə üçüncü nəticə nümayiş etdirib ki, bu da tədarük həcminin 18,2 faiz azalmasından xəbər verir. “Apple” brendinin bazar payı analitiklər tərəfindən 10,1 faiz qiymətləndirilib ki, bu da ötənilki göstəricidən 2 faiz azdır.
Çinin “Xiaomi” və “Oppo” istehsalçılarının tədarük həcmi dəyişməz qalıb. “Xiaomi” şirkətində 0,2 faiz azalma (32,3 milyon ədədədək) qeydə alınıb. Bunu nəzərə almaqla istehsalçının bazar payı 9,7 faiz (bir il əvvəl 9,5 faiz) təşkil edib. “Oppo” isə ötənilki nəticəni 0,3 faiz (29,5 milyon ədədədək) yaxşılaşdırıb və bazarın 8,9 faizinə (bir il əvvəl 8,6 faiz) nəzarət edib.
İlk beşliyə daxil olan istehsalçılar pul ifadəsində smartfonların ümumi tədarük həcminin 69 faizini təmin ediblər, ilk onluq istehsalçılarının payı isə ümumi nəticənin 87 faizinə bərabər olub. Güclənən konsolidasiyanı nəzərə alan “IDC” mütəxəssisləri bildirib ki, smartfonlar sahəsi getdikcə daha çox fərdi kompüterlər bazarını xatırladır. Bundan əlavə, mütəxəssislər xəbərdar edib ki, beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) tətbiqinə başlandıqdan sonra bütün dünya bazarlarında az populyar olan smartfon brendləri daha çox çətinliklə üzləşəcək.
Nizam Nuriyev