Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

2019-cu ildə smartfonların qlobal satışı 2,5% azalacaq


“Gartner” analitiklərinin proqnozuna görə, 2019-cu ildə qlobal smartfon satışı 2,5% azalaraq 1,5 milyard səviyyəsində olacaq. Lakin mütəxəssislər hesab edirlər ki, 2020-ci ildə sözügedən bazar müsbət dinamikaya geri qayıdacaq. Beşinci nəsil rabitə texnologiyasını dəstəkləyən smartfonlar və mobil operatorların yeni “5G” xidmətlərini tanıtmaq üçün dünyanın müxtəlif yerlərində keçirəcəkləri promo aksiyalar yüksəlişə səbəb olacaq.
 
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, bundan başqa, analitiklər 2020-ci ildə “5G” şəbəkəsini dəstəkləyən ilk “iPhone” smartfonunun satışa çıxarılacağını gözləyirlər ki, bu da “Apple” pərəstişkarlarını öz qurğularını yeniləməyə vadar edəcək və smartfon bazarının artımını stimullaşdıracaq.
 
Dünyanın inkişaf etmiş bazarlarında kəskin azalma proqnozlaşdırılır: Yaponiyada smartfon satışının həcmi 6,5%, Qərbi Avropada 5,3% və Şimali Amerikada 4,4% azalacaq. “Gartner”in analitikləri yalnız Yaxın Şərq dövlətlərində və bir sıra Afrika ölkələrində artım proqnozlaşdırır.
 
Aparıcı smartfon istehsalçılarının ilk “5G” modelləri (“LG V50 ThinQ”, “Oppo Reno 5G”, “Samsung Galaxy S10 5G” və “Xiaomi Mi MIX 3 5G”) təqdim etməsinə və mobil operatorların “5G” xidmətləri üçün əlverişli paketlər təklif etməsinə baxmayaraq ekspertlər hesab edirlər ki, 2019-cu ildə yeni standartı dəstəkləyən qurğuların satış həcmi cüzi olacaq. “Gartner”in qiymətləndirməsinə görə, istehsalçılar təxminən 15 milyon “5G” smartfonu satacaq.
 
“Gartner”in analitiki Annet Zimmerman deyib ki, 2020-ci ilin ikinci yarısından başlayaraq “5G” əhatə dairəsinin genişlənməsi və yeni standartı dəstəkləyən qurğuların çeşidinin çoxalması sayəsində “5G” smartfonlarına tələbat artacaq.
 
“Gartner”in qiymətləndirməsinə görə, 2020-ci ildə 1,56 milyard smartfon satılacaq.
 
Emil Hüseynov




03/08/19    Çap et