Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“DDoS” hücumlarının sayında artım qeydə alınıb


Bu ilin ikinci rübündə dünyada “DDoS” hücumlarının sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 18 faiz artıb. Rüblük hesablamada isə hakerlərin aktivliyi 44 faiz azalıb ki, bu da mövsümi amillə əlaqədardır – yazın sonunda və yayın əvvəlində hücumların sayı azalmağa başlayır. Bu barədə “Kasperski laboratoriyası” antivirus şirkətinin məlumatında deyilir.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, ekspertlərin qiymətləndirməsinə görə, texniki baxımdan mürəkkəb hücumların payı 3,1 dəfə artaraq belə kibertəhdidlərin ümumi sayında 46 faiz təşkil edib.

 

Bundan başqa, 2019-cu ilin aprel-iyununda 509 saat davam edən “DDoS” hücumu qeydə alınıb. Bu, yeni rekorddur: əvvəllər bu rəqəm 329 saat olub. Ümumilikdə isə uzun müddət davam edən hücumların payı ilin əvvəlinə nisbətdə azalıb.

 

“DDoS” hücumlarından qorunmaq üçün “Kasperski laboratoriyası” korporativ veb saytlar və İT resurslarının çoxsaylı trafik emal etmək iqtidarında olmasını yoxlamağı, eləcə də xüsusi mühafizə vasitələrindən istifadəni tövsiyə edir.

 

Nizam Nuriyev






06/08/19    Çap et