“WhatsApp” messencerində istifadəçilərin mesajlarını redaktə etməyə imkan verən boşluqlar aşkar edilib. Bu barədə öz bloqunda İsrailin kibertəhlükəsizlik üzrə “Check Point Software Technologies” şirkətinin mütəxəssisləri məlumat veriblər.
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, onların məlumatına əsasən, hakerlər mesaj göndərənin kimliyini dəyişdirmək üçün qrup çatlarında "sitat" funksiyasından istifadə edə bilərlər. Bundan başqa, messencerdə digər istifadəçilərin cavablarının mətnlərini dəyişdirməyə imkan verən boşluq aşkar edilib.
“Check Point” şirkətinin mütəxəssisləri bildiriblər ki, hələ 2018-ci ilin sonunda bu boşluqlar haqqında “WhatsApp”a xəbərdarlıq ediblər, amma messencerin tərtibatçıları bu günədək həmin boşluqları aradan qaldırmayıb.
Bu il iyulun 26-da “WhatsApp”ın tərtibatçıları messencerdə yeni funksiyalar istifadəyə veriblər, iyulun 24-də isə messencerin düyməli telefonlarda əlçatan olması məlum olub.
Emil Hüseynov