“CloudMosa” şirkəti ucuz (100 dollaradək) və zəif qurğular üçün adaptasiya olunan “Puffin OS” adlı yeni mobil əməliyyat sistemi təqdim edib.
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti” resursuna istinadən yazır ki, mütəxəssislərin sözlərinə görə, “Puffin OS” sürətinə görə “Android” əməliyyat sistemini üstələyir. Bu, bütün hesablamaların “bulud” servisinə köçürülməsi və proqramların yaddaşda yer tutmaması ilə izah olunur.
Şirkət nümayəndələrinin sözlərinə görə, yeni əməliyyat sistemi “KaiOS” (Nokia 8110 kimi ucuz düyməli telefonlara quraşdırlır) və sadələşdirilmiş “Android One” və “Go” versiyaları arasında çatışmazlığın aradan qaldırılması üçün nəzərdə tutulub. “Puffin OS” yüksək təhlükəsizliyi təmin edir və proqramların yüklənilməsi və quraşdırılması tələb olunmadığına görə onları tez işə salır.
Rahat iş üçün “bulud” əməliyyat sistemi üçün aşağı sürətli 2.5G (GPRS) bağlantısı kifayət edir. Perspektivli bazarlar kimi tərtibatçılar ilk növbədə mobil internet sürətinin zəif olduğu və əhalisinin əksər hissəsi bahalı smartfon əldə edə bilməyən inkişaf etməkdə olan ölkələri hesab edirlər.
Lakin “Puffin OS” sisteminin istifadəçiləri internet bağlantısı olmadan qurğunun yalnız baza funksiyalarından yararlana biləcəklər.
“Kickstarter” saytında aparılan vəsait toplanışı kampaniyası çərçivəsində “CloudMosa” şirkəti “Puffin OS” sisteminin idarəetməsi ilə işləyən ilk “Puffin OS Phone Founder’s Edition” telefonunun istehsalı üçün 40 min dollar cəlb edib. Mütəxəssislər, həmçinin “bulud” əməliyyat sisteminin artıq buraxılmış “Android” smartfonlarına quraşdırılmasına imkan verən üsulun kəşfi üzərində çalışırlar.
Nizam Nuriyev
https://www.youtube.com/watch?v=-vi9XSd6cQc