“Positive Technologies” şirkəti cari ilin ikinci rübündə kibertəhdidlərin inkişafı haqqında hesabat açıqlayıb. Hesabata görə, internetdə təhlükəsizliklə bağlı vəziyyət pisləşir.
“ICTnews” Elektron Xəbər Xidməti “Servernews” resursuna istinadən yazır ki, məlumata görə, aprel-iyunda unikal kiberinsidentlərin sayı əvvəlki rüblə müqayisədə 3 faiz artıb. Bununla yanaşı, informasiya oğurluğu cinayətkarların əsas məqsədi olaraq qalır: ötən rübdə hücumların yarısından çoxu bu və ya digər məlumatın qanunsuz əldə edilməsi üçün həyata keçirilib.
Hesabat dövründə məqsədyönlü hücumların payı artaraq 59 faiz təşkil edib. Halbuki cari ilin birinci rübündə bu göstərici 47 faizə bərabər olub.
Fərdi şəxslərin zərər çəkdiyi kiberinsidentlərin payı 24 faiz səviyyəsində olub. Fərdi şəxslərə hücumların 42 faizi isə maliyyə mənfəəti məqsədi daşıyıb.
Hüquqi şəxslər arasında kibercinayətkarlar daha çox dövlət təşkilatları, sənaye şirkətləri, tibb təşkilatı, bank və digər maliyyə sahəsi təşkilatlarına qarşı hücumlar təşkil ediblər.
Ötən rübdə şirkətin ekspertləri tərəfindən dövlət müəssisələri arasında zərərli proqram təminatına yoluxma payının artımı (birinci rübdə 44 faizə nisbətdə 62 faiz) qeydə alınıb. Bu qurumlar daha çox şifrləyici troyanların hücumuna məruz qalıb.
Nizam Nuriyev