Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“5G” infrastrukturu sahəsində xərclər 2 dəfə artacaq


"Gartner" analitik şirkəti beşinci nəsil mobil rabitə şəbəkəsi (5G) infrastrukturunun inkişafı üzrə proqnoz açıqlayıb.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Servernews" resursuna istinadən yazır ki, məlumata görə, bu il "5G" infrastrukturu sahəsində qlobal xərclər təxminən 2,2 milyard dollar təşkil edəcək. 2020-ci ildə isə xərclərin iki dəfə - 89 faiz artacağı gözlənilir. Nəticədə qlobal miqyasda xərclər 4,2 milyard dollara çatacaq.

 

Bildirilir ki, sonrakı illərdə beşinci nəsil mobil rabitə şəbəkəsinin stabil inkişafı proqnozlaşdırılır. Belə ki, 2021-ci ildə "5G" seqmentində proqnozlaşdırılan infrastruktur xərcləri 6,8 milyard dollara yüksələcək. Beləliklə, 2020-ci ilə nisbətdə artım 62 faiz səviyyəsində gözlənilir.

 

Analitiklərin sözlərinə görə, cari ildə "5G New Radio" (NR) həllərinin servis provayderlərinin simsiz infrastrukturların inkişafı üçün ümumi xərclərin həcmində payı 6 faiz təşkil edəcək. Növbəti ildə bu göstəricinin 2 dəfə - 12 faizədək artacağı ehtimal olunur.

 

Qeyd edək ki, "5G" mövcud "4G" şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan "4G" şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı "5G" şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

 

Nizam Nuriyev






24/08/19    Çap et