Böyük Britaniya hökuməti Çinin "Huawei" şirkətinin ölkədə beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) yaradılmasında iştirakı ilə bağlı qərarı payızda qəbul edəcək. Bu barədə Böyük Britaniyanın Rəqəmli Texnologiyalar, Mədəniyyət, Kütləvi İnformasiya Vasitələri və İdman naziri Niki Morqan bildirib.
"ICTnews" Elektron Xəbər Xidməti "TASS" resursuna istinadən yazır ki, nazir deyib: "Biz Böyük Britaniya üçün düzgün qərar qəbul edəcəyik. Ümid edirəm ki, bununla bağlı yekun qərar payızda veriləcək. Biz əmin olmalıyıq ki, bu, uzunmüddətli qərar olmaqla şəbəkələrimizin təhlükəsizliyinə zəmanət verəcək".
Məlumata görə, Britaniya hökuməti 5G üçün avadanlığın tədarükünə dair sazişi əvvəlcə "Huawei" şirkətinə həvalə etməyi planlaşdırsa da, şirkətin adının hallandırıldığı avadanlıq vasitəsilə texniki casusluq və məxfi məlumatların toplanılması ilə bağlı qalmaqal yarandıqdan sonra Birləşmiş Krallıq hökuməti bu məsələdə gözləmə mövqeyini tutmağa üstünlük verib.
Londonun "The Daily Telegraph" qəzetinin məlumatına görə, həmin vaxt Böyük Britaniya Baş naziri vəzifəsini tutan Tereza Mey ABŞ tərəfindən milli təhlükəsizlik üçün mümkün təhdidlə bağlı xəbərdarlığa baxmayaraq "Huawei" şirkətinin beşinci nəsil mobil rabitə şəbəkəsinin yaradılmasında iştirakını təsdiq edib.
Nəşr bildirib ki, Böyük Britaniya Milli Təhlükəsizlik Şurasının Baş nazirin sədrliyi ilə keçirilən iclasında "Huawei" şirkətinə milli telekommunikasiya sistemindən, o cümlədən antena sistemi və digər qeyri-müəyyən profilli infrastrukturdan məhdud istifadəyə icazənin verilməsi ilə bağlı qərar qəbul edilib.
Nizam Nuriyev