"Samsung" və "SK Telecom" şirkətləri beşinci nəsil mobil rabitə şəbəkəsinin (5G) işini orijinal üsulla nümayiş etdiriblər.
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, eksperiment üçün məxsusi olaraq "Samsung" şirkəti tərəfindən "5G New Radio" (NR) baza stansiyalarının daxil olduğu "Samsung 5G mmWave" avadanlığı quraşdırılıb. Testdə yolda hərəkət edən yarış avtomobilinin salonunda olan "Samsung Galaxy S10 5G" smartfonu iştirak edib. Sınaq zamanı bağlantı sürəti stabil olmaqla 952 Mbit/saniyə təşkil edib.
"Yüksəksürətli 5G, real vaxt rejimində rabitə və "mmWave" texnologiyası videonu avtomobilin hərəkət sürəti 210 km/saat olan zaman effektiv və təhlükəsiz translyasiya etməyə imkan verir. Virtual reallıq (VR), əlavə reallıq (AR) texnologiyaları və 360 dərəcəli kamera videomaterialları birləşməsində kontent daha canlı olur", - "Samsung" nümayəndələri qeyd edib.
Şirkət təmsilçiləri əmindir ki, 5G şəbəkələrinin yayılması idman translyasiyaları sənayesini keyfiyyət baxımından müsbət tərəfə yönəldəcək.
Nizam Nuriyev