Kembric və Kaliforniya universitetlərinin alimləri Yer kürəsi və Ay arasında liftin inşası ilə bağlı planı əks etdirən məqalə dərc edərək bunun kosmik səyahətlərin qiymətini əhəmiyyətli dərəcədə azaldacağını bildiriblər.
“ICTnews” Elektron Xəbər Xidməti “MIR24” resursuna istinadən yazır ki, “Spaceline” adlı lift Ay stansiyasına bərkidilən nəhəng qaldırıcı valdan ibarət olacaq. O, Yer kürəsinin geostasionar orbitində dik şəkildə asılı qalacaq.
Məlumata görə, Yerdən astronavtlar qravitasiya və atmosfer təzyiqinin mövcud olmadığı kosmik xəttin başlanğıcına çatdıqdan sonra kosmik gəminin göyərtəsinə keçərək Ay səthinə eniş edə biləcəklər.
“Kosmik xətt qədim dəmir yoluna çox bənzəyən infrastrukturun tərkib hissəsi olacaq. Onun üzərində insanların hərəkəti və təchizat kosmosa adi uçuşlardan daha asan və sadədir”, – astronom Zefir Penoyr deyib.
Tədqiqatçıların sözlərinə görə, lift şaxtasının tikintisi üçün ən yaxşı material karbon nanoborucuqlarıdır. Lift qravitasiya təsiri nəticəsində dağılmamaq üçün ortası qalın olmaqla hər iki sonluğu dar şəkildə olacaq. Bundan başqa, tədqiqatçılar yerətrafı orbitdə kosmik “zibil”in qaldırıcı valla toqquşması riskini hesablayacaqlar.
Nizam Nuriyev