Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Diş minasını bərpa edən gel hazırlanıb


Çin alimləri kalsium fosfatın ən xırda hissəcikləri əsasında zədələnmiş diş minasını bərpa etməyə imkan verən xüsusi gel hazırlayıblar.

 

"ICTnews" Elektron Xəbər Xidməti "tass.ru" saytına istinadən yazır ki, diş minası insan orqanizmində ən bərk toxumadır. O, tərkibində böyük miqdarda kalsium və fosfor olan hidroksiapatit maddəsinin kristallarından ibarətdir. Hidroksiapatit qələvi mühitdə öz xüsusiyyətlərini qoruyub saxlayır, lakin turşu mühitdə tez sıradan çıxır.

 

Normal vəziyyətdə insanın ağzında qələvi mühit olur, lakin qida qəbulundan sonra bakteriyalar onun qalıqlarını parçalayaraq müxtəlif turşular buraxır. Həmin turşular da öz növbəsində diş minasını sıradan çıxararaq kariyesə səbəb olur.

 

Çin alimləri diş minasının sıradan çıxması problemini həll etmək üçün kalsium fosfat ionlarının yığılması əsasında gel hazırlayıblar.

 

Alimlər sözügedən geli insan dişlərinin zədələnmiş nümunələrində uğurla sınaqdan keçiriblər. Mikrostrukturun araşdırılması nəticəsində məlum olub ki, yeni diş minası təbiidən bir az daha bərk alınıb.

 

Emil Hüseynov






03/09/19    Çap et