Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Brauzer vasitəsilə başqasının kompüterinə müdaxilə üsulu aşkarlanıb


“Windows” əməliyyat sisteminin idarəetməsi ilə işləyən kompüterlərdə aldatma yolu ilə istifadəçilərin kompüterinə müdaxiləyə imkan verən zərərli proqram aşkarlanıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “Lenta” resursuna istinadən yazır ki, “Domen” adlı proqramlar dəsti onların yenilənməsi barədə saxta bildiriş pəncərələri yaradır. İstifadəçi müvafiq işarənin üzərinə vurduğu təqdirdə hakerlər qurğunu məsafədən ələ keçirirlər.

 

Məlumata görə, zərərli proqram ilkin olaraq “Malwarebytes” şirkətinin əməkdaşı Cer Sequra tərəfindən aşkarlanıb. Onun sözlərinə görə, saxta bildirişlərdən istifadə yeni haker metodu deyil.

 

Lakin “Domen” digərlərindən interfeysi qurğu və brauzerlərdən asılı olaraq dəyişmək qabiliyyəti ilə fərqlənir. O, həmçinin 30 müxtəlif dili dəstəkləyir və mobil qurğularda işləyir.

 

Bildirilir ki, proqram yenilənməsi üçün bəhanələr müxtəlif ola bilər. Onlar arasında yeni brauzer versiyasının quraşdırılması, lazımi şriftin yüklənilməsi və ya “Flash” plagininin yenilənməsi qeyd olunur. Bildirişlər digər pəncərələr üzərində görünür və “yenilənmə” faylını yükləyərək onu işə salmağı təklif edir.

 

Bu halda qurban hakerlərə proqramı quraşdırmaq imkanı verdikdən sonra onlar digər şəxsin qurğusu üzərində nəzarəti ələ keçirirlər. Başqasının kompüterinə daxil olmaq üçün “NetSupport Manager” proqram təminatından istifadə olunur. O quraşdırıldıqdan sonra hakerlər müdaxilə qurbanı hiss etmədən ekranı skan edə, faylları yükləyə və quraşdıra bilərlər.

 

Nizam Nuriyev






04/09/19    Çap et