"Samsung" şirkəti mobil qurğular üçün "5G" standartını dəstəkləyən "Exynos 980" adlı ilk prosessor təqdim edib. Səkkiz nanometrlik texnoloji proses üzrə hazırlanan yeni məhsul qabaqcıl multimedia imkanları və qurğuda süni intellektin sürətli və təhlükəsiz işinə imkan verən yeni nəsil neyron modulu ilə təchiz edilib.
"ICTnews" Elektron Xəbər Xidməti "4PDA" resursuna istinadən yazır ki, "Exynos 980" prosessorunun arxitekturasına iki "Cortex-A77" və dörd "Cortex-A55" nüvəsi daxildir. Qrafikaya görə "Mali-G76" çipi məsuliyyət daşıyır. Yeni neyron prosessorunun (NPU) məhsuldarlığı əvvəlki modellə müqayisədə 2,7 dəfə artırılıb. "NPU" qarşısında qoyulan tapşırıqların emalı uzaq "bulud" servisində deyil, bilavasitə qurğuda baş verir ki, bu da çipi daha təhlükəsiz edir.
Məlumata görə, "5G" dəstəkli ilk "Samsung" mobil prosessoru əlavə modemin qoşulmasını tələb etmir ki, bu da qurğuların enerji sərfiyyatı səviyyəsini azaltmağa və korpus daxilində yerdən daha effektiv istifadəyə şərait yaradır. Altı geqahersli beşinci nəsil mobil rabitə şəbəkələrində məlumatların maksimal ötürülmə sürəti 2,55 Qbit/saniyə təşkil edir.
Bundan başqa, 108 meqapikselli kameraların işini dəstəkləyən "Exynos 980" prosessoru "4K" təsvir ölçülü videonu saniyədə 120 kadr sürətlə dekodlaşdıra bilir.
"Samsung Exynos 980" prosessorunun kütləvi istehsalına bu ilin sonunda başlamaq nəzərdə tutulur.
Nizam Nuriyev