Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Rəqəmli iqtisadiyyatda bir neçə şirkətin üstünlüyü bərabərsizliyi yalnız dərinləşdirir


BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) hesabatına əsasən, rəqəmli texnologiyalar bazarında ABŞ və Çin liderdir. Blokçeyn texnologiyası ilə əlaqədar patentlərin 75%-i, “Əşyalar interneti” xərclərinin 50%-i, bulud hesablamaları bazarının 75%-dən çoxu və ən böyük 70 rəqəmli platformanın bazar dəyərinin 90%-i bu iki ölkənin payına düşür.

 

“ICTnews” Elektron Xəbər Xidməti “news.un.org” saytına istinadən yazır ki, həm də 7 super platformanın payı 66% təşkil edir: "Microsoft", "Apple", "Amazon", "Google", "Facebook", "Tencent" və "Alibaba". Çində ödəniş bazarı “Tencent” şirkətinə məxsus "WeChat" və “Alibaba” şirkətinə məxsus "Alipay" arasında bölüşdürülüb.

 

"Facebook" 90 ölkədə sosial platformalar arasında birinci yeri tutur və axtarış saytları bazarının 90%-i "Google"un payına düşür. Yeni araşdırmanın müəllifləri qeyd edirlər ki, adıçəkilən şirkətlər rəqiblərini satın almaq, təklif edilən xidmətləri genişləndirmək və ənənəvi transmilli korporasiyalarla strateji əməkdaşlıq münasibətləri qurmaq hesabına öz mövqelərini aqressiv şəkildə müdafiə edirlər.

 

BMT-nin qənaətinə görə, mövcud tendensiyalar yalnız bərabərsizliyi dərinləşdirir. Hesabat müəllifləri yoxsul ölkələrə öz rəqəmli iqtisadiyyatını inkişaf etdirməyə imkan verən üsullar təklif edirlər. "Biz rəqəmli fərqi azaltmalıyıq” – BMT-nin Baş katibi UNCTAD hesabatının ön sözündə Antoniu Quterriş yazıb, çünki planet sakinlərinin 50%-dən çoxu internetə çıxış imkanına malik deyil.

 

Emil Hüseynov






05/09/19    Çap et