Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Qəbələdə kəndlərlə videokonfrans rabitəsi yaradılıb
Bu gün Prezident İlham Əliyev cənablarının iştirakı ilə istifadəyə verilən Qəbələ Rayon İcra Hakimiyyətinin yeni inzibati binası ən müasir informasiya və kommunikasiya texnologiyaları ilə təmin edilib.
Rayonda rabitə şəbəkəsinin ən müasir tələblərə cavab verməsi, kənd istiqamətində birləşdirici xətlərin optik kabellə əvəzlənməsi, bütün kəndlərin ən müasir elektron ATS-lərlə təmin edilməsi informasiya texnologiyalarının çatdırılması sürətini bir neçə dəfə çoxaldıb.
Respublikada ilk dəfə olaraq Qəbələ İcra Hakimiyyətinin inzibati binasında müasir texnologiyaların tətbiqi ilə idarəetmə məntəqəsi də fəaliyyətə başlayıb. Buradan rayon ərazisinə nəzarət etmək mümkündür. Fövqəladə hal baş verdiyi təqdirdə eyni anda rayonun Vəndam, Bum və Nic qəsəbələri ilə birbaşa videokonfranslar keçirmək imkanları vardır.
Qeyd edək ki, ilk dəfə olaraq Qəbələdə tətbiq edilən rayon mərkəzi ilə kəndlər arasında videokonfrans rabitəsi təcrübəsi gələcəkdə digər rayonlarda da tətbiq ediləcək.
18/11/11 Çap et