Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ilk dəfə internet üzərindən ürək əməliyyatı keçirilib


Hindistanda həkimlərdən 32 km uzaqlıqda yerləşən xəstənin ürəyində dünyada ilk dəfə məsafədən idarə olunan əməliyyat keçirilib. Bu məqsədlə tədqiqatçılar məsafədən idarə olunan stansiya yaratmalı olublar.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, “Corindus” şirkəti tərəfindən hazırlanmış “CorPath GRX” robotu ürəkdə qan damarlarını açmaq üçün kiçik bir stend yerləşdirib. Bu, ateroskleroz xəstəliyindən əziyyət çəkən xəstələrdə həyata keçirilən perkutan koronar müdaxilədir.

 

Sözügedən əməliyyat Hindistanın Əhmadabad şəhərində yerləşən “Apex Heart Institute”un həkimi Tedjas Patelin müşahidəsi altında keçirilib. "Tibb sahəsində belə önəmli hadisənin bir hissəsi olmaqdan böyük şərəf hissi duyuram. Uzaq məsafədən müalicə məqsədilə robot texnikasının tətbiqi ixtisaslaşdırılmış tibbi yardımdan istifadəni təmin edə bilər" – o deyib.

 

Son bir neçə onillikdə həkimlər robotlara etibar etməyə başlayıblar. İlk avtomatlaşdırılmış əməliyyat 1985-ci ildə keçirilib: neyrocərrahlar daha dəqiq beyin biopsiyası aparmaq üçün robotlardan istifadə etmişdilər.

 

Emil Hüseynov






09/09/19    Çap et