ABŞ-ın Perdyu Universitetinin "West Lafayette" kampusunda "Starship" şirkətinin altıtəkərli robotlaşdırılmış arabaları istifadəyə verilib.
"ICTnews" Elektron Xəbər Xidməti "3DNews" resursuna istinadən yazır ki, məlumata görə, universitet tələbələri "Starship" mobil əlavəsi vasitəsilə yemək sifariş etdikdən sonra avtonom araba onu dərhal təyinat yerinə çatdıracaq. Digər kampuslarda olduğu kimi, çatdırılmanın qiyməti 2 dollar təşkil edir. Hazırda "West Lafayette" "Starship" şirkətinin avtonom robotlaşdırılmış arabalar vasitəsilə qidanın çatdırılması üzrə servisin fəaliyyət göstərdiyi ən böyük tələbə kampusudur.
"Starship" gələcəkdə avtonom robotların köməyi ilə yeməyin çatdırılması üzrə servislər şəbəkəsini genişləndirməyi planlaşdırır. Növbəti iki il ərzində ölkə kampuslarında belə robotların sayının bir neçə yüz minə çatacağı gözlənilir.
Hazırda robotlaşdırılmış kuryerlərlə yeməyin çatdırılması üzrə "Starship" servisi Corc Meyson və Şimali Arizona universitetlərinin kampusunda da fəaliyyət göstərir. Servisin, həmçinin bu ay Pittsburq Universitetində istifadəyə verilməsi planlaşdırılır.
Nizam Nuriyev