Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Microsoft Azure” servisindən peyk rabitəsi ilə istifadə mümkün olub


“Microsoft” korporasiyası “Azure ExpressRoute” servisi üçün peyk qoşulması imkanını əlavə edib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “3DNews” resursuna istinadən yazır ki, məlumata görə, peyk qoşulması “Azure” “bulud”u və müştərilərin şəxsi məlumat emalı mərkəzləri və ya digər platformalar arasında təhlükəsiz bağlantı qurmağa imkan verən əlavə rabitə kanalıdır.

 

“Azure ExpressRoute” ilk növbədə “Microsoft” məlumat emalı mərkəzlərinə minimal yubanma ilə yüksəksürətli stabil qoşulma tələb edən müştərilər üçün maraq kəsb edir. Servisin daha bir üstünlüyü ümumistifadəli internet bağlantıları ilə müqayisədə təhlükəsiz rabitədədir.

 

İndiyədək “Azure ExpressRoute” vasitəsilə əksər özəl qoşulmalar iri rabitə operatorları və ya data mərkəzlərinə məxsus yerüstü telekommunikasiya şəbəkələri üzərindən həyata keçirilib. Hazırda “Microsoft” “Azure” infrastrukturu və korporasiyanın lokal serverləri arasında peyk rabitəsinin tətbiqi üçün “SES”, “Intelsat” və “Viasat” şirkətləri ilə əməkdaşlığa başlayıb.

 

Korporasiya nümayəndələrinin sözlərinə görə, “Azure” ilə peyk bağlantısı ayrılmış tezlik kanalından istifadə etməklə tərəfdaşların yerüstü stansiyaları vasitəsilə həyata keçirilir.

 

Bu xidmətə aviasiya və neft-qaz sənayesi kimi sahələri təmsil edən müştərilər arasında daha çox tələbatın olacağı gözlənilir. Məsələn, havada təyyarələr və ya sivilizasiyadan uzaqda yerləşən neft buruqları “bulud” servislərinə yalnız peyk rabitəsi vasitəsilə qoşula bilərlər.

 

Nizam Nuriyev






11/09/19    Çap et