“Eset” antivirus həllərinin istehsalçısı “Android” mobil sistemi üçün kibertəhlükələrə həsr edilmiş araşdırmasını dərc edib. Birinci yarımilliyin nəticəsinə görə, ən çox zərərverici proqram Rusiyada (16%), İran (15%) və Ukraynada (8%) qeydə alınıb.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, ekspertlərin sözlərinə görə, “Android” sisteminin idarəetməsi altında işləyən qurğularda boşluqların sayı azalıb, ancaq təhlükəli zərərverici proqram təminatı nümunələrinin payı xeyli yüksəlib. 2019-cu ilin yanvar-iyun aylarında mobil təhlükələrin sayı 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 8% azalıb.
Mobil qurğular üçün ən geniş yayılmış virus növlərindən biri fırıldaqçı xarakterli proqramlardır. Məsələn, bu yaxınlarda aşkar edilmiş “Android / Filecoder.C” şifrləyicisi həm simmetrik, həm də asimmetrik şifrləmədən istifadə edir və kontaktlara göndərilən SMS mesajlar vasitəsi ilə yayılır.
“Eset” şirkətinin nümayəndələri bildiriblər ki, mobil təhlükəsizlik informasiyanın mühafizəsində (həm şəxsi, həm də korporativ) böyük rol oynayır. Ekspertlərin sözlərinə görə, “Əşyalar interneti”nin inkişafı ilə əlaqədar yalnız noutbuk və smartfonları deyil, həm də internetə qoşulmuş bütün qurğuları müdafiə etmək zərurəti yüksəlir.
Emil Hüseynov