Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycan startapları Beynəlxalq Telekommunikasiya İttifaqından müsbət rəy alıb


Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən "ITU Telecom World 2019" beynəlxalq sərgi-konfransı artıq 3-cü gündür ki davam edir. Tədbirdə ölkəmiz Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin qurumları, özəl İKT şirkətləri və startaplarla təmsil olunur.

 

İnnovasiyalar Agentliyi sərgiyə dəstəklədiyi 4 startapla – "Virtual cərrahiyyə", "Kuleko", "Wexplain", "Vriendly" ilə qatılıb. Bu startaplar Kiçik və Orta Sahibkarlıq üzrə Qlobal İnnovasiya (Global SME Award) yarışmasına qatılıb və müsbət rəy alıblar.

 

Sərgidə xarici şirkətlərlə əməkdaşlıq imkanları, xarici startapların, layihə və investorların Azərbaycana cəlb olunması, onlar üçün yaradılan imkan və prosedurlar barədə müzakirələr aparılıb.

 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə tədbir çərçivəsində keçirilən nazirlər toplantısında çıxış edib. O, həm şirkət, həm İTU, həm də başqa dövlətlərin rəsmiləri ilə görüşüb. Görüşdə ikitərəfli əlaqələrin inkişafına diqqət yetirilib.

 

Bu gün Beynəlxalq Telekommunikasiya İttifaqının (İTU) Baş Katibi Houlin Zao Azərbaycanın Milli Pavilyonuna baş çəkib. O, Azərbaycan startaplarının sərgilədiyi məhsulları maraqla qarşılayıb. H.Zaoya ölkəmizlə bağlı hədiyyə də təqdim olunub.

 

İnnovasiyalar Agentliyi İdarə Heyətinin sədri Tural Kərimli "Kiçik və orta müəssisələrə, innovasiyalara texnoloji dəstək" mövzusunda İTU üzvü ölkələr arasında birgə müzakirə sessiyasında iştirak edib. O, İTU-nun Strateji Planlama Departamentinin şöbə müdiri Yuşi Toriqo və Mərkəzi Avropa Fondunun direktoru Devid Keresztes ilə görüşüb.

 

Qeyd edək ki, Beynəlxalq Telekommunikasiya İttifaqının təşkilatçılığı ilə keçirilən tədbir "Birlikdə innovasiyalar gətirərək: əhəmiyyət kəsb edən bağlılıq" devizi altında keçirilir. "ITU Telecom World 2019" beynəlxalq sərgi-konfransının əsas mövzusu rəqəmsal texnologiyalar vasitəsilə insan həyatının keyfiyyətini yüksəltmək məqsədilə hökumət və təşkilatlararası əməkdaşlığı genişləndirməkdir.

 

Gələn il "ITU Telecom World 2020" beynəlxalq sərgi-konfransı Vyetnamın Hanoy şəhərində keçiriləcək.

 

 

 






11/09/19    Çap et