Yeni “Oracle” superkompüteri qurulub
“Oracle” şirkəti “Oracle OpenWorld” konfransında 1060 ədəd “Raspberry Pi” minikompüteri əsasında superkompüter nümayiş etdirib.
“ICTnews” Elektron Xəbər Xidməti “Servernews.
www.servernews.ru” resursuna istinadən yazır ki, hər superkompüter dayağında “Ubiquiti UniFi Switch 48” kommutatorlarına qoşulan 21 ədəd “Raspberry Pi 3 B+” birplatalı minikompüteri quraşdırılıb. Hər kommutator “SFP+ 10GbE” portu vasitəsilə qoşulub.
Bildirilir ki, “Oracle” mütəxəssisləri superkompüterin enerji ilə təmini üçün “PoE” texnologiyasından imtina etmək qərarına gəliblər. “Raspberry Pi” minikompüteri enerjini “USB” mənbələrindən alır.
Məlumata görə, hər superkompüter bloku bütün superkompüter məlumatlarının saxlanılması üçün istifadə edilən mərkəzi serverə (adı dəyişdirilən Oracle Supermicro 1U Xeon serveri) qoşulur.
“Raspberry Pi” əsasında superkompüter “Oracle Autonomous Linux” və “Java” əməliyyat sisteminin idarəetməsi ilə işləyir və 9 displeydən ibarət panellə təchiz edilib.
Qeyd edək ki, qutu şəklində olan, en və uzunluq ölçüsünə görə vizit kartına bərabər “Raspberry Pi” birplatalı kompüter olmaqla 700 MHs tezliyində işləyən “ARM1176JZF-S” prosessor, “Full HD” təsvir ölçüsünü dəstəkləyən “VideoCore IV” videosürətləndirici və 256 MB operativ yaddaşa malik “Broadcom BCM2835” sistemli çip (SoC) üzərində yığılıb. Qurğu monitora qoşulmaq üçün videoçıxış və “HDMI”, eləcə də qulaqcıq və ya masaüstü audiosistemin qoşulması üçün 3,5 millimetrlik çıxışla təchiz edilib.
Kompüter uşaqlar üçün proqramlaşdırmanın tədrisi məqsədilə nəzərdə tutulsa da, digər sahələrdə populyarlıq qazanıb və onun əsasında media mərkəzləri hazırlanıb.
İlk “Raspberry” minikompüter modeli – “Model B” 2012-ci ilin fevralında buraxılıb və milyonlarla tirajla satılıb.
Nizam Nuriyev