Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Facebook” alqoritmləri videolarda əsas terrorçunu müəyyənləşdirəcək


“Facebook” şirkəti videoçarxlarda zorakılıq və güllələnmə hadisələrini müəyyənləşdirən alqoritmlərin işinin keyfiyyətini artırmaq niyyətindədir. Bu məqsədlə süni intellekt sisteminin polis orqanları tərəfindən quraşdırılan kameralardan əldə edilən görüntülər əsasında öyrədilməsi nəzərdə tutulur.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Vesti www.vesti.ru” resursuna istinadən yazır ki, ABŞ və Böyük Britaniyanın hüquq-mühafizə orqanları ilə tərəfdaşlıq çərçivəsində “Facebook” onlara kameraları pulsuz təqdim edərək əvəzində odlu silahla davranış qaydaları üzrə kursların videoyazılarını alacaq və bu məlumatları Böyük Britaniya Daxili İşlər Nazirliyi ilə bölüşəcək.  
 
“Facebook” nümayəndələri ümid edir ki, bunun sayəsində süni intellekt istifadəçilər tərəfindən yüklənən videoçarxlarda əsas şəxsin törətdiyi zorakılıq hərəkətləri ilə bağlı real epizodları daha yaxşı müəyyənləşdirəcək. Bundan başqa, film və ya oyunlarda qəddarlıq səhnələrinin səhvən ləğv edilməsi ehtimalı azaldıla bilər.
 
Məlumat üçün qeyd edək ki, “Facebook” bu ilin yazında Yeni Zelandiyanın Kraystçerç şəhərində neonasist Brenton Tarrant və onunla əlbir şəxslər iki məsciddə 50 nəfəri güllələdikdən sonra sərt tənqidə məruz qalıb. Şirkət nümayəndələri bildirib ki, təkcə hadisənin ilk günündə zorakılıq səhnələrini əks etdirən 1,5 milyondan çox videoyazı ləğv olunub. Lakin buna baxmayaraq terror aktından bir neçə həftə sonra sosial şəbəkədə şok məzmunlu videolara rast gəlmək mümkün olub.
 
Nizam Nuriyev





18/09/19    Çap et