Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“NASA” və Avstraliya birgə Ayı öyrənəcək


Avstraliya ABŞ Kosmik Agentliyi (NASA) ilə birgə Ay və Marsın mənimsənilməsində iştirak edəcək. Əməkdaşlıq haqqında müvafiq niyyət protokolu ABŞ paytaxtında “NASA” rəhbərinin müavini Cim Morhard və Avstraliya Kosmik Agentliyinin rəhbəri Meqan Klark arasında imzalanıb. İmzalanma mərasimi Avstraliya baş naziri Skott Morrisonun iştirakı ilə baş tutub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “TASS www.tass.ru” resursuna istinadən yazır ki, sazişə görə, Avstraliya Yer peykinin tədqiqi üzrə yeni “Artemis” proqramına qoşulacaq. Tərəflər robot texnikası, avtomatika, süni intellektdən istifadə sahəsində əməkdaşlıq edəcəklər. Avstraliyada bu texnologiyalardan faydalı qazıntıların hasilatı zamanı aktiv istifadə edilir.
 
Məlumata görə, Avstraliya hökuməti 5 il ərzində “NASA” proqramlarına 150 milyon dollar investisiya yatıracaq. S.Morrisonun sözlərinə görə, bu, yeni iş yerləri və texnologiyalar yaradacaq və ölkənin iqtisadi artımına xidmət edəcək.
 
Avstraliya Kosmik Agentliyinin 2018-ci ilin iyulunda yaradılmasına baxmayaraq iki ölkənin kosmos sahəsində əməkdaşlığı uzun tarixə malikdir. Belə ki, “NASA” və Avstraliya Elmi və Tətbiqi Tədqiqatlar Birliyi arasında ilk saziş 1960-cı ildə imzalanıb. Bu yaxınlarda isə astronavtlar Avstraliyanın Mars planetdəki qayalara bənzər qayaların olduğu və əhalinin az məskunlaşdığı ərazilərində məşqlər ediblər.
 
Qeyd edək ki, “Artemis” proqramı üç mərhələdən ibarət olacaq: “Orion” kosmik gəmisinin Ay ətrafına pilotsuz sınaq uçuşunu və onun Yerə dönməsini nəzərdə tutan birinci missiya (Artemis 1) 2020-ci ilin ikinci yarısına planlaşdırılır. İkinci mərhələ (Artemis 2) – Yerin təbii peykinə pilotlu uçuş 2022-ci ilə planlaşdırılır. Missiyanın üçüncü mərhələsində (Artemis 3) astronavtların 2024-cü ildə Aya enməsi, 2030-cu illərin ortalarında isə onların Marsa göndərilməsi nəzərdə tutulur.  
 
Nizam Nuriyev





23/09/19    Çap et