Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Niklaus Virt – “Paskal” proqramlaşdırma dilinin yaradıcısı


Kompyuter elmləri üzrə professor, görkəmli proqramçı Niklaus Virt dünyada “Paskal” proqramlaşdırma dilinin yaradıcısı kimi tanınır. Bundan əlavə, “Paskal”ın əsasında yaradılmış “Modula-2” və “Oberon” və digər məşhur proqram dillərini hazırlayıb.

Niklaus 1934-cü ilin 15 fevral tarixində İsveçrənin Vinterhure şəhərində doğulub. O, Nani Takerlə evlidir, 3 övladı var: qızları Kerolin və Tina, oğlu Xristian. Boş vaxtlarında ailəsi ilə birlikdə Şimali İsveçrənin təpəliklərini gəzməyi xoşlayır.

1954-ci ildə İsveçrə Federal Texniki İnstitutunun elektronika fakültəsinə daxil olaraq bakalavr dərəcəsinə yiyələnib. Təhsilini Laval Universitetində (Kanada, Kvebek) davam etdirərək 1960-cı ildə magistr dərəcəsini alıb. Sonra Berklinin (ABŞ) Kaliforniya Universitetinə dəvət edilib. İnformatika sferasına Virt 1960-cı ildə daxil olub.

O zaman bir çox sahələrdə, o cümlədən, akademik tədris planlarında informatikaya lazımi diqqət ayrılmırdı. Niklaus deyir: "... İsveçrə Federal Texniki İnstitutunda təhsil aldığım vaxt kompyuterlər haqqında Beynəlxalq İnformasiya Emalı Federasiyası (IFIP) prezidenti olmuş Ambroz Spayzerin fakultativ kursunda eşitdim.

Onların hazırladığı “ERMETH” kompyuteri adi tələbələr üçün əlçatmaz idi. Buna görə informatika ilə məşğul olmağım Kanadanın Laval Universitetində say analizi kursunu dinləyənə qədər gecikmiş oldu.

Onda mənə elə gəlirdi ki, gələcək kompyuterlərin proqramlaşdırılması daha effektiv olmalı idi. Buna görə düzgün istifadə üçün mən ilk növbədə aparat hissəsinin layihələşdirilməsini öyrənirdim”.

1963-cü ildə Berkli Universitetində professor Xaskinin rəhbərliyi altında, “Alqol”-un genişlənməsi əsasında Eylerin (Euler) proqramlaşdırma dili mövzusunda dissertasiya müdafiə edib.

Virtin dissertasiyası diqqəti cəlb edir və 1963-cü ildə o, Beynəlxalq İnformasiya Emalı Federasiyası (IFIP) “Alqol” dilinin yeni standartını hazırlamaqla məşğul olan komitəyə dəvət olunur.

Paralel olaraq 1963-dən 1967-ci ilə qədər Stenford Universitetində assistent işləyib. Burada Cim Uelslə birlikdə “İBM/360” platformasında proqramlaşdırma üçün nəzərdə tutulmuş “PL/360” dilini hazırlayır.

1968-ci ildə İsveçrə Federal Texnologiya Universitetində kompyuter elmləri üzrə professor adını alıb. 31 il bu ali təhsil ocağında çalışıb. Universitetin təhsil sistemini təkmilləşdirərək təşkilati fəaliyyətlə də məşğul olub.

Burada “ALGOL-W”-nin varisi olacaq dili hazırlayır. Virt bu dili 1642-ci ildə mexaniki hesablayıcı maşını hazırlayan fransız riyaziyyatçısı Blez Paskalın şərəfinə “Paskal dili” adlandırır. Bu dil qısa zaman içində, əsasən, universitetlərdə istifadə edilən proqramlaş¬dırma dili halına gəldi. Virtin öz sözləri ilə desək, “Paskal”ın təkcə təhsil üçün olduğunu düşünmək olmaz”.

Lakin, “Paskal” dilinin ticari və sənaye tətbiqləri dəstəkləmək üçün sahib olması lazım olan bir sıra xüsusiyyətlərdən məhrum olması bu dilin bu tətbiqlərdə çox istifadə edilməməsinə gətirib çıxarırdı. Niklaus dil üzərində öz işini 1974-cü ildə yüksək keyfiyyətli kompilyator yaratmaqla başa çatdırdı.

“Paskal”ın geniş yayılması Ken Boules tərəfindən mikrokompyuterlər üçün “P”-kodunun hazırlanmasından sonra müxtəlif konfiqurasiyalı yeni maşınlarda “Paskal”dan istifadə etmək mümkün olduqdan sonra baş verdi.

Bundan sonra o, diqqətini multiproqramlaşdırmanın öyrənilməsinə yönəltdi, nəticədə əsasən ixtisaslaşmış sistemlərin, o cümlədən, mini-kompyuterlərin proqramlaşdırılması üçün nəzərdə tutulmuş “Modula” dili hazırlandı. “Modula-1”-in ilkin variantı tamhüquqlu proqramlaşdırma dili kimi qəbul olunmurdu. Fərdi kompyuterlər üçün hazırlanmış “Modula-2” modulyar proqramlaşdırmanın dili oldu.

1988-ci ildə Virt Yurq Qutknextlə birlikdə “Oberon” proqramlaşdırma dilini hazırlayıb. “Oberon”, “Algol-60”, “Paskal” və “Modula-2” dillərinin davamı idi. “Oberon” “Modula-2” dili əsasında yaradılıb, ancaq “Paskal”dan və “Modula-2”-dən fərqli olaraq, bu, proqramlaşdırma dilinin və əməliyyat sisteminin kombinasiyasından ibarətdir.

Onun “Paskal” proqramlaşdırma dili bir çox proqramçılara fəaliyyətlərində müsbət təsir göstərib və müxtəlif proqramlaşdırma dillərinin yaradılması üçün baza rolunu oynayıb.

Virt bir neçə kitabın müəllifidir: "Alqoritmlər və məlumat strukturları", "OBERON proqramlaşdırma", "PASKAL - istifadəçi təlimatı və məlumat kitabçasıdır" və "Rəqəmsal əməliyyatlar layihəsi".

1999-cu ilin 1 aprel tarixindən Virt təqaüdə çıxıb. Virt İsveçrə Mühəndislik Akademiyasının (Swiss Academy of Engineering), ABŞ Mühəndislik Akademiyasının (U.S. Academy of Engineering) və Berlin Bradenburq Akademiyasının (Berlin-Brandenburg Academy) üzvüdür.

Virt Berkli, Laval, Kveberk, York və digər bir neçə nüfuzlu universitetin fəxri doktorudur. “Pur le merte” ordeni və “Tyurinq” mükafatı daxil olmaqla, dünyanın bir çox nüfuzlu orden, medal və mükafatına layiq görülüb.




19/11/11    Çap et