Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“İçərişəhər” və paytaxtın mərkəzi küçələri optik şəbəkəyə keçirilir


İlin sonunadək Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi "Bakı Telefon Rabitəsi" MMC (Baktelecom) "Evədək optika" layihəsi çərçivəsində paytaxtın mərkəzindəki bütün yaşayış binalarını genişzolaqlı xidmətlərlə təmin edəcək.

Hazırda "Baktelecom"un "AzEuroTel" telekommunikasiya operatoru tərəfindən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğunda rekonstruksiya işlərinə başlanılıb və mis kabellərin fiber-optik xətlərlə əvəzlənməsi prosesi həyata keçirilir. Tezliklə qoruqdakı mənzillərin və qeyri-yaşayış sahələrinin  optik xətlər üzərindən yüksəksürətli multimedia xidmətləri ilə təmin olunmasına başlanacaq. Qeyd edək ki, layihənin tətbiqi zamanı xüsusi yanaşma tələb edən memarlıq abidəsi ərazilərində işlər mütəxəssis nəzarəti altında dizayna xələl gətirməmək şərti ilə aparılır.

Eyni zamanda "AzEuroTel" telekommunikasiya operatorunun xidməti ərazisinə daxil olan paytaxtın mərkəzi küçələrində də köhnə rabitə infrastrukturunun yenilənməsi və optik şəbəkənin təşkili işləri davam edir. Ümumilikdə ilin sonunadək "AzEuroTel" MMC tərəfindən beş mindən yuxarı mənzildə yenilənmə işləri başa çatacaq və sakinlərin mərhələli şəkildə optik şəbəkəyə çıxışı təmin ediləcək.

Məlumat üçün bildirək ki, hazırda Bakı şəhəri üzrə 60 minə yaxın mənzildə genişzolaqlı optik şəbəkə aktiv edilib, paytaxtın Yasamal, Xətai, Nizami, Qaradağ və Suraxanı rayonlarında rekonstruksiya işləri aparılır.

Qeyd edək ki, "Evədək optika" layihəsi "GPON (Gigabit Passive Optical Network)" texnologiyası əsasında tətbiq edilir. Texnologiya istifadəçilərə bir optik xətt üzərindən telefon, internet və İPTV xidmətlərindən istifadə imkanı verir. Bu baxımdan "Baktelecom" abunəçilərin texnologiyanın üstünlüklərindən yararlanmasına və sərfəli şərtlərlə yeni "1 xətt 3 xidmət" paketinə qoşulmasına imkan yaradır.












01/10/19    Çap et