Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Avropa İttifaqında məişət cihazlarının təmiri asanlaşacaq


Avropa İttifaqı hakimiyyəti istifadədə olan məişət cihazlarının təmirini asanlaşdıracaq və ətraf mühitin vəziyyətinə müsbət təsir göstərəcək ekodizayn haqqında direktivi təsdiq edib.
 
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru www.newsru.com” resursuna istinadən yazır ki, 2021-ci ilin martında qüvvəyə minəcək sənəd istehsalçılar qarşısında bu və ya digər model satışa çıxarıldıqdan sonra məişət texnikası, o cümlədən soyuducu, televizor, paltaryuyan və qabyuyan maşınlar üçün 10 il ərzində ehtiyat hissələri buraxmaq tələbini qoyur. Belə ki, direktiv bir sıra detalların 7 il, bəzilərinin isə 10 il ərzində istehsalını nəzərdə tutur. Sənəd, həmçinin serverlərə şamil olunur. İstehsalçılar tərəfindən onlar üçün 8 il ərzində proqram təminatı yenilənməsi buraxılacaq.    
 
Bundan başqa, direktivdə qeyd olunur ki, sıradan çıxmış qurğuların sahibləri 15 iş günü ərzində lazımi ehtiyat hissələrini əldə etmək imkanına malik olmalıdırlar, sıradan çıxmış detalların dəyişdirilməsi isə ümumistifadəli alətlər vasitəsilə həyata keçirilməlidir. Bununla yanaşı, təmir prosesində qurğunun korpusunun açılması ona ziyan vurmamalıdır.
 
Bildirilir ki, direktivin qüvvəyə minməsi məişət texnikası sahiblərinə yeni cihazların alışına qənaət etməyə imkan verəcək. Söhbət hər ev təsərrüfatı üçün illik 150 avro məbləğində qənaətdən gedir. Lakin əksər hallarda tam sıradan çıxan texnikanın təmiri üçün ödəniş tələb olunacaq.  
 
Yeni tələblər ətraf mühitin vəziyyətinə də müsbət təsir göstərəcək. Avropa İttifaqı hakimiyyətinin qiymətləndirməsinə görə, məişət texnikasının təmir edilməsi sayəsində onun istismar müddətinin uzadılması 2030-cu ilədək enerji istehlakını ildə 167 teravatt azaltmağa imkan verəcək. Bu rəqəm Danimarkanın illik enerji istehlakına bərabərdir. Texnikanın buraxılış həcminin azaldılması karbon qazı tullantılarının azaldılmasına da səbəb ola bilər. Məlumata görə, hər məişət cihazı ilə əlaqədar tullantıların yarısından çoxu onun istehsal prosesinin payına düşür.
 
Nizam Nuriyev





02/10/19    Çap et