Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“TA505” kiberqruplaşması dünya şirkətlərinə hücum edir


"Positive Technologies" şirkəti "TA505" kibercinayətkar qruplaşmasının fəaliyyətini təhlil edib.

 

"ICTnews" Elektron Xəbər Xidməti "Servernews" resursuna istinadən yazır ki, məlumata görə, bir neçə ildir fəaliyyət göstərən dünyanın ən təhlükəli qruplaşmasının aktivliyi Şimali Amerikadan tutmuş, Orta Asiyaya qədər bütün dünyada qeydə alınıb. Hücumlar əsasən maliyyə xarakteri daşıyır.

 

Bildirilir ki, bank, enerji sənayesi, səhiyyə, telekommunikasiya və s. sahələrdə fəaliyyət göstərən şirkət və təşkilatlar kiberqruplaşmanın qurbanı olur. Bundan başqa, dövlət sektoruna qarşı hücumlar həyata keçirilir.

 

Son altı ay ərzində "TA505" kiberqruplaşması aktivliyini kəskin gücləndirərək 26 şirkətə hücum edib. Bundan əlavə, hakerlər resursları genişləndirərək öz iştiraklarını gizlətmək üçün daha mürəkkəb texnikalardan istifadəyə başlayıblar.

 

Qurban şirkətlərin şəbəkələrinə daxil olmaq üçün qrup fişinq məktublarından istifadə edir. Hər yeni hücum dalğasında cinayətkarlar alətlərə keyfiyyət baxımından düzəlişlər edirlər.

 

Analizdən məlum olub ki, "TA505" kibercinayətkar qruplaşması Rusiya bazarına hücum edən "Buhtrap" qrupu ilə birgə eyni şəbəkə infrastrukturundan istifadə edir.

 

"Positive Technologies" ekspertləri tərəfindən "TA505" qruplaşmasının zərərli aktivliyi ümumilikdə 64 ölkədə aşkarlanıb.

 

Nizam Nuriyev






07/10/19    Çap et