Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Bu ölkə Avropada öz vətəndaşlarını biometrik məlumatları təqdim etməyə məcbur edən ilk dövlət olacaq


Fransa hökuməti 2020-ci ilədək ölkədə “Alicem” adlı sifətin tanınması proqramını işə salmağı planlaşdırır. Fransa hakimiyyəti öz vətəndaşlarına onların istəyindən asılı olmayaraq məcburi qaydada rəqəmli pasportlar təqdim etmək istəyir. Bu haqda “Bloomberg” nəşri yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, artıq bir neçə tənzimləyici qurum və ictimai təşkilat Fransa hökumətinə qarşı iddia qaldırıb. İddialarda deyilir ki, “Alicem” texnologiyası fərdi məlumatların işlənməsinə dair qaydanı pozur. Həmin qaydaya əsasən, korporasiya və dövlətlər vətəndaşların icazəsi olmadan onların məxfi məlumatlarını toplaya bilməz.

 

Fransa hakimiyyəti iddia edir ki, biometrik məlumatlar yalnız rəqəmli pasportların hazırlanmasında istifadə ediləcək, başqa məlumat bazaları ilə inteqrasiya edilməyəcək və ya kənar şəxslərə verilməyəcək.

 

Lakin hakerlər qrupu 1 saat ərzində Fransa hökumətinin sınaq məlumat bazasına müdaxilə etməyə müvəffəq olublar.

 

Ekspertlər bildirirlər ki, Fransa Avropada öz vətəndaşlarına rəqəmli pasportların hazırlanması üçün biometrik məlumatları təqdim etməyi məcbur edən ilk ölkə olacaq. İnsanlar belə pasportların köməyi ilə bank hesablarının uzaq məsafədən qeydiyyatına, elektron SİM kartların alınmasına sürətli çıxış imkanı əldə edəcəklər.

 

Emil Hüseynov






08/10/19    Çap et