Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Azərbaycanda yeni ödəniş portalı açılıb


Azərbaycanda bütün növ onlayn ödənişlərin həyata keçirilməsinə imkan verən www.hesab.az portalı fəaliyyətə başlayıb. Bu barədə “APA-Economics”ə portalın sahibi, “GoldenPay” şirkətinin icraçı direktoru Fərid İsmayılzadə məlumat verib.

Onun sözlərinə görə, portal vasitəsilə ölkə əhalisi mövcud olan bütün xidmətlərin onlayn ödəməsini həyata keçirə bilərlər. Portalın iş prinsipinə əsasən, istənilən istifadəçi burda özünə virtual kabinet yaratmaqla özünə aid olan xidmətlərin pulunu onlayn rejimdə ödəyə bilir.

Ən maraqlı yeniliklərdən biri hər bir istifadəçinin istənilən qədər plastik kart qeydiyyatdan keçirə bilmək, eləcə də bir nəfərin bir neçə nəfər üçün ödəniş edə bilməsi imkanıdır.

Hazırda bu sistemin 5-6 minə yaxın daimi istifadəçisi var. F.İsmayılzadə gələn ildən etibarən istifadəçilərin sayının kəskin artacağını və portalın bütün onlayn xidmətlər bazarını əhatə edəcəyini bildirib. Yaxın gələcəkdə portalda 2 yeni xidmətin tətbiqi də planlaşdırılır. Bunlardan biri avtomatik ödəmədir ki, bu xidmətdən istifadə edəndə mütəmadi ödənişlər hər ay abunəçinin pulundan avtomatik çıxılır.

İkinci maraqlı yenilik SMS xidmətinin tətbiqidir ki, bu zaman istifadəçilərin şəxsi kabinetindən onun mobil telefonuna SMS göndəriləcək və ona hansı ödənişi etməli olduğu xatırladılacaq.




21/11/11    Çap et