Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Dünyada ən sürətli enerji doldurma texnologiyasına malik telefon təqdim edilib


Çinin “Realme” şirkəti dünyada ən sürətli enerji doldurma texnologiyasına malik “X2 Pro” qabaqcıl smartfonunu təqdim edib. Bu haqda “Gizmochina” nəşri yazıb.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, smartfon “Snapdragon 855 ” prosessoru, 6/12 QB əməli yaddaş və 256 QB-dək “UFS 3.0” standartını dəstəkləyən daşıyıcı, həmçinin 2340x1080 piksel təsvir ölçülü 90 hers yeniləmə tezliyinə malik 6,50 düymlük AMOLED displeylə təchiz edilib. İstehsalçının məlumatına görə, ekranın alt hissəsinə quraşdırılmış barmaq izi skaneri 0,23 saniyə ərzində işləyir.

 

Smartfonun əsas özəlliyi 50 vatt gücündə işləyən “SuperVOOC” sürətli enerji doldurma texnologiyası ilə təchiz edilməsidir. Beləliklə, smartfonu 60% enerji ilə doldurmaq üçün 15 dəqiqə kifayətdir, 35 dəqiqə ərzində 4000 milliamper/saat tutumunda olan akkumulyatoru tam enerji ilə doldurmaq mümkündür. Əsas 4 kamera mövcuddur: 64 meqapiksellik əsas, üçqat zumu dəstəkləyən teleobyektiv, genişbucaqlı obyektiv və dərinlik sensoru.

 

“Realme X2 Pro” aparatı 2019-cu il oktyabrın sonunda satışa çıxarılacaq.

 

Emil Hüseynov






15/10/19    Çap et