Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Mozilla Firefox” ən təhlükəsiz brauzer seçilib


Almaniyanın İnformasiya Təhlükəsizliyi üzrə Federal İdarəsi (Bundesamt für Sicherheit in der Informationstechnik, BSI) “Mozilla Firefox 68”, “Google Chrome 76”, “Microsoft Internet Explorer 11” və “Microsoft Edge 44” brauzerlərinin müasir brauzerlər üçün təhlükəsizlik standartına uyğunluğunun qiymətləndirməsini aparıb. Yüksək qiymət alan “Firefox” icbari təhlükəsizlik funksiyalarının bütün minimal tələblərinə cavab verən yeganə brauzer seçilib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, audit “BSI” tərəfindən bu ilin sentyabrında dərc edilən “Müasir təhlükəsiz brauzerlər üçün Təlimat”da göstərilən qaydalardan istifadə olunmaqla aparılıb.

 

Bildirilir ki, idarə bu təlimatdan adətən təhlükəsiz brauzer seçimində dövlət müəssisələri və özəl şirkətlərə tövsiyələr vermək üçün istifadə edir.

 

Qiymətləndirməyə görə, “Firefox” təlimatda qeyd olunan bütün minimal tələbləri dəstəkləyən yeganə brauzerdir. Digər brauzerlər bir sıra tələblərə cavab verməyib. Belə ki, onlarda master parolları dəstəkləyən mexanizm (Chrome, IE, Edge), quraşdırılmış yenilənmə mexanizmi (IE), telemetriyanın toplanmasını bloklamaq imkanı (Chrome, IE, Edge), domenin məhdudlaşdırılması qaydasının dəstəyi (IE), kontentin mühafizə siyasəti dəstəyi (IE), subreresursların bütövlüyü dəstəyi (IE), brauzer profilləri və müxtəlif konfiqurasiya dəstəyi (IE, Edge), eləcə də təşkilati şəffaflıq (Chrome, IE, Edge) mövcud olmayıb.

 

Nizam Nuriyev






18/10/19    Çap et