Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Şimali Koreyada mobil telefon abunəçilərinin sayı 1 milyona yaxınlaşır


Şimali Koreyanın (KXDR) yeganə “3G” operatoru Koryolink ölkədə mobil şəbəkə abunəçilərinin sayının sürətli artması haqqında məlumat verib.

Şimali Koreyada mobil əlaqədən 2002-ci ilin sonunda istifadə edilməyə başlanıb, lakin artıq 18 aydan sonra hakimiyyət vətəndaşlara həbsə alma və ölüm cəzası təhlükəsi altında mobil telefonlardan istifadə etməyi qadağan edib.

Ölkənin şimalında, dəmir yolu stansiyalarından birində baş vermiş partlayış bunun üçün səbəb olub. Şimali Koreyanın xüsusi xidmət orqanları bu hadisənin yalnız partlayış deyil, həm də dövlət rəhbəri Kim Çen İrin həyatına sui-qəsd cəhdi olmasında şübhələnmişdilər. Xatırladaq ki, partlayıcı qurğunun partlamasının mobil telefona zəng vasitəsi ilə edildiyi güman olunurdu.

Qadağa 2008-ci ildə götürülüb. Həmin vaxt Misirin “Orascom Telecom” şirkəti Şimali Koreyada Koryolink operatoru yaradıb. Məhz o zamandan mobil əlaqədən yalnız siyasi və biznes-elita nümayəndələri deyil, həm də Pxenyanın sadə sakinləri istifadə etməyə başlayıblar.

2010-cu ilin noyabr ayında Koryolink təxminən 300 min istifadəçiyə xidmət edib. Hal-hazırda abunə bazası 800 mini ötür. 2011-ci ilin sonuna kimi bu göstəricinin 1 milyonu ötəcəyi güman edilir.




21/11/11    Çap et