Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Azərbaycan Vergilər Nazirliyinin “Facebook” müsabiqə qalibi olub
Azərbaycan Vergilər Nazirliyinin “Facebook” səhifəsi Avrasiya Qəzəteçilər Dərnəyinin türkdilli dövlətlərin dövlət orqanlarının sosial şəbəkələrdəki fəaliyyətini araşdırmaq üçün elan etdiyi müsabiqənin qalibi olub.
Müsabiqə sosial şəbəkələrdə dövlət qurumlarına məxsus səhifənin kütləviliyi, sosial şəbəkələrdə dövlət qurumlarına məxsus səhifələrin informasiya daşıyıcılıq qabiliyyəti və dövlət qurumlarına məxsus səhifələrin texniki imkanları üzrə keçirilib.
Müsabiqənin son turuna Azərbaycandan 2, Türkiyədən 3 dövlət qurumu çıxıb. 2 həftəlik araşdırmadan sonra müsabiqənin Təşkilat Komitəsinin qərarı ilə Azərbaycan Vergilər Nazirliyinin “Facebook” səhifəsi bütün göstəricilərə görə müsabiqənin qalibi elan edilib.
Qeyd edək ki, qısa zaman ərzində fəaliyyətə başlayan Vergilər Nazirliyinin səhifəsində 1258 üzv var və gün ərzində səhifədə 150-300 ziyarətçi olur. Bundan başqa, səhifədə hər gün 5-7 xəbər yerləşdirilir. Xəbərlər əksər dövlətlərdə mövcud olan vergi qanunvericiliyi və Azərbaycanda vergi ilə bağlı olur.
Səhifə daha çox informasiya daşıyıcısı rolunu oynamaqla yanaşı, həm də maarifləndirmə işlərinə xüsusi önəm verir. Məhz bu dəyərlər nəzərə alınaraq Azərbaycan Vergilər Nazirliyinin “Facebook”dakı rəsmi səhifəsi birinciliyə layiq görülüb. Yaxın günlərdə bununla bağlı xüsusi diplom nazirliyə təqdim olunacaq.
21/11/11 Çap et