Bu gün ADA Universitetində "InnoWeek – İnnovasiya həftəsi" çərçivəsində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Birləşmiş Millətlər Təşkilatının Avropa İqtisadi Komissiyası (UNECE) və BMT-nin İnkişaf Proqramının təşkilatçılığı ilə "İnnovasiya ekosisteminə siyasi baxış" mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbirdə innovasiya ekosistemi iştirakçıları - hökumət və qeyri-hökumət qurumları, inkubasiya-akselerasiya mərkəzləri və digər əlaqədar təşkilatların rəhbər və nümayəndələri iştirak ediblər.
Dəyirmi masa ətrafında görüşdə UNECE "Subregional İnnovasiya Siyasəti" layihəsi ilə əlaqədar Azərbaycanda əldə edilmiş nəticələr təqdim edilərək müzakirə olunub.
UNECE "Subregional İnnovasiya Siyasəti" layihəsinin məqsədi Şərqi Avropa və Qafqaz regionu üzrə innovasiya siyasətini, innovativ proseslərinin həcmini və keyfiyyətini qiymətləndirməkdən ibarətdir.
Layihə həmçinin region iqtisadiyyatında məhsuldarlıq və rəqabətədavamlılığın artırılmasına xidmət edir.
Qeyd edək ki, sözügedən layihə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən dəstəklənir və İsveç hökumətinin maliyyə dəstəyi ilə həyata keçirilir.