“Zipline” dronları təlimlər zamanı döyüş meydanına dərmanlar çatdırıb
ABŞ-ın “Zipline” şirkətinin pilotsuz uçan aparatları təlimlər zamanı döyüş meydanına yaralılar üçün dərmanlar və qanı uğurla çatdırıblar. Bu barədə şirkətin məlumatında deyilir.
“ICTnews” Elektron Xəbər Xidməti “
Hightech” resursuna istinadən yazır ki, “Zipline” startapı çatdırılma ilə məşğul olan dronları 2015-ci ildən istehsal edir. Pilotsuz uçan aparatlar ilk növbədə dərmanların ucqar yerlərə və döyüş meydanına çatdırılması üçün nəzərdə tutulub.
Məlumata görə, elektrik dronun çəkisi 13 kiloqram, sürəti təqribən 100 km/saat təşkil edir. Tam avtonom işləyən aparat uçuşdan enişədək insanın iştirakını və ya müəyyən mürəkkəb infrastrukturun mövcudluğunu tələb etmir.
Pilotsuz uçan aparatların sınaqlarının yeni mərhələsi Avstraliyada ABŞ və Avstraliya hərbçilərinin birgə təlimlərində keçirilib. Test zamanı “Zipline” dronları 461 uçuş həyata keçirərək dərmanlar, köçürmə üçün qan və azuqələr çatdırıblar.
Uçuşlar günün müxtəlif vaxtlarında həyata keçirilib. Şirkət nümayəndələrinin sözlərinə görə, aparatlar bütün hallarda qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetiriblər.
Nizam Nuriyev