“Windows 7” sisteminin dəstəklənmə müddətinin bitməsi kompüterlərin yenilənməsi və daha çox cihaza “Windows 10” əməliyyat sisteminin quraşdırılması ilə nəticələnəcək. Bu haqda “Microsoft”un icraçı vitse-prezidenti və maliyyə direktoru Emi Hud deyib.
“ICTnews” Elektron Xəbər Xidməti “dailycomm.ru” saytına istinadən yazır ki, onun sözlərinə görə, daha çox şirkət öz kompüter parkını yeniləyir və köhnəlmiş proqram platformasını yenisi ilə əvəz edir.
Bu tendensiya sayəsində 2019-cu ilin üçüncü rübündə “Microsoft”un “Windows” əməliyyat sisteminin “Pro” versiyası üçün lisenziya satışından gəliri 19% artıb.
O əlavə edib ki, bu tendensiya ilin sonuna kimi davam edəcək, nəticədə oktyabr-dekabr aylarında “Microsoft More Personal Computing” (istehlak elektronikası, “Bing” axtarış sistemi və “Windows”un lisenziyalarının satışı) bölməsinin gəliri 12,6-13 milyard dollar təşkil edəcək.
14 yanvar 2020-ci il tarixində “Windows 7” əməliyyat sisteminin pulsuz dəstəklənməsi bitəcək və “Microsoft” yeni “Windows 10” sisteminə keçməyi istifadəçilərə xatırlatmağa davam edir.
Emil Hüseynov