ABŞ Hərbi Hava Qüvvələri (HHQ) iş adamı İlon Maska məxsus sürətli peyk internetinin təqdim edilməsini nəzərdə tutan “Starlink” layihəsinin ilk sifarişçisi qismində çıxış edəcək.
“ICTnews” Elektron Xəbər Xidməti “Mediasat” resursuna istinadən yazır ki, “SpaceX” prezidenti və əməliyyat direktoru Qvinn Şotvellin sözlərinə görə, şirkət “Starlink” internetinin düzgün işləməsi və yüksək buraxılış qabiliyyətinin təmini məqsədilə onun sınaqlarını aparır.
“Biz HHQ təyyarələrinin göyərtəsində yüksək buraxılış qabiliyyəti təklif edirik. Hazırda bizim əməkdaşlar imkanları sınaqdan keçirir və onun düzgün təşkilini aydınlaşdırmağa çalışırlar”, – əməliyyat direktoru qeyd edib.
Xatırladaq ki, “Starlink” layihəsi “SpaceX” şirkəti tərəfindən 2015-ci ildə yüksəksürətli internetə qlobal çıxışın təmini üçün hazırlanıb. Layihənin birinci mərhələsinin icrası – şirkətin 1,2 min işçi heyətinin iştirakı ilə 800 peykin buraxılışı 3,5 milyard dollar məbləğində vəsait qoyuluşu tələb edir. “SpaceX” şirkətinin qiymətləndirməsinə görə, orbitdə 11 min peykin yerləşdirilməsi və onların istismara verilməsi 10 milyard dollara başa gələcək. 2019-cu ilin mayında “Falcon-9” raketdaşıyıcısı vasitəsilə kosmosa ilk 60 peyk göndərilib. Son nəticədə qruplaşma özündə 12 min peyki birləşdirəcək.
2002-ci ildə İlon Mask tərəfindən təsis edilən “SpaceX” şirkəti 2018-ci ildə 21 uğurlu raket buraxılışını həyata keçirib.
Nizam Nuriyev