“Microsoft” korporasiyası bazar ertəsi “Strontium” (Fancy Bear/APT28) haker qruplaşmasının dünyanın antidopinq və idman təşkilatlarına hücum etməsini açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “RIA Novosti” resursuna istinadən yazır ki, məlumata görə, üç qitədə azı 16 milli və beynəlxalq idman və antidopinq təşkilatı bu hücumların hədəfinə çevrilib. “Hücumlar sentyabrın 16-da – Ümumdünya Antidopinq Agentliyi tərəfindən yeni tədbirlərin görüləcəyi barədə yayılan xəbərlər ərəfəsində həyata keçirilməyə başlayıb. Bir sıra hücumlar uğurlu olsa da, əksəriyyəti uğursuzluqla nəticələnib”, – məlumatda qeyd edilir.
Mütəxəssislər qeyd edir ki, bu, “Strontium” qruplaşmasının bu təşkilatlara qarşı etdiyi ilk hücum deyil. Belə ki, bir müddət əvvəl qruplaşma 2016-2018-ci illərdə idman təşkilatları və antidopinq məmurlarından əldə edilən tibbi qeydləri və elektron məktubları dərc edib.
“Son hücumlar zamanı tətbiq edilən metodlar “Strontium” tərəfindən adətən bütün dünyada dövlət, hərbi və analitik mərkəzlərin, eləcə də hüquqi şirkət, hüquq müdafiə təşkilatları, maliyyə şirkətləri və ali təhsil məktəblərinin internet resurslarına zərbələrin endirilməsi üçün istifadə edilən üsullara bənzəyir”, – məlumatda vurğulanır.
Qeyd olunur ki, haker metodlarına fişinq, parolların yayılması, internetə qoşulmuş qurğulardan və həm açıq, həm də istifadəçi zərərli proqramlardan istifadə daxildir.
Nizam Nuriyev