"Uber" şirkəti oktyabrın 27-30-da Detroytda keçirilən "Forbes Under 30" sammitində qidanın çatdırılması üçün pilotsuz uçan aparatın konseptini təqdim edib.
"ICTnews" Elektron Xəbər Xidməti "Naked Science" resursuna istinadən yazır ki, altı rotorlu fırlanan qanadlarla təchiz olunan aparat 120 metr hündürlüyə qalxa, sürəti saatda 48 km təşkil edən küləkli havada qala və şaquli şəkildə enə və qalxa bilir. Dronun idarəetməsi "Uber’s Elevate Cloud Systems" sistemi vasitəsilə həyata keçirilir.
Pilotsuz uçan aparat iki nəfər üçün naharın daxil olduğu bir sifarişi daşımağa imkan verir. Enerji doldurma nəzərə alınmaqla 19 km məsafə (gediş-gəliş) üçün maksimal uçuş müddəti 8 dəqiqə təşkil edəcək.
Bu onunla əlaqədardır ki, dron çatdırılma prosesinin tam tərkib hissəsi deyil: o, yeməyi bilavasitə müştəriyə deyil, sifarişi tamamlayacaq "Uber Eats" sürücüsünə çatdıracaq. Dronların endirilməsi son çatdırılma məntəqəsinin yanında yerləşən "Uber" avtomobilləri üzərinə nəzərdə tutulur.
Plan uğurlu alınacağı təqdirdə pilotsuz uçan aparatın ilk modelinin sınağı 2019-cu ilin sonunda keçiriləcək.
Nizam Nuriyev