Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Nazir Avstriya nümayəndə heyəti ilə görüşmüşdür


Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində Avstriya Nəqliyyat, İnnovasiya və Texnologiyalar Federal Nazirliyi innovasiya və telekommunikasiya sektorunun baş direktoru Andres Riçardın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Qonaqları salamlayan Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkələrimiz arasında əlaqələrin uğurla inkişaf etdiyini vurğulayaraq, qonaqlara Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin fəaliyyəti, dövlət proqramları və həyata keçirilən genişmiqyaslı layihələr haqda geniş məlumat vermişdir.

Nazir ölkədə qeydə alınan dinamik iqtisadi inkişaf fonunda İKT sektorunda da son illər yüksək nəticələrin əldə olunduğunu qeyd etmişdir.

Azərbaycanın təşəbbüsü ilə region üçün də böyük əhəmiyyət kəsb edən “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM) layihəsi barədə danışan Əli Abbasov 2009-cu ildə BMT-nin xüsusi qətnaməsi ilə yüksək qiymətləndirilən layihəyə Qərb ölkələrinin böyük marağı olduğunu bildirmişdir.

Nazir qonaqları “Trans-Avrasiya Super İnformasiya Magistralı” (TASİM), eləcə də respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən digər layihələr və gələcək planlar haqqında məlumatlandırmışdır.

O, son illər Avstriya-Azərbaycan əlaqələrində müsbət irəliləyiş müşahidə olunduğunu qeyd etmişdir. Ə.Abbasovun fikrincə, siyasi əməkdaşlıq əlaqələrinin güclü olması istər-istəməz digər sahələrə də öz müsbət təsirini göstərmişdir. Nazir Avstriya şirkətlərinin Azərbaycanda müxtəlif sahələrdə uğurla fəaliyyət göstərdiyini bildirmişdir.

O, infrastruktur və tikinti layihələrində fəal iştirak edən Avstriya şirkətlərinin informasiya texnologiyaları sektoruna da böyük töhfələr verə biləcəyinə əminliyini ifadə etmiş, gələcək əməkdaşlıq üçün münbit şərait olduğunu diqqətə çatdırmışdır.

Öz növbəsində Andres Riçard ölkəsinin Azərbaycan ilə siyasi, iqtisadi, enerji və digər sahələrlə yanaşı, informasiya texnologiyaları sektorunda da əməkdaşlığın inkişafında maraqlı olduğunu bildirmişdir.

O, bu istiqamətdə müəyyən addımların atılmasının, o cümlədən Azərbaycanda çalışan Avstriya şirkətlərinin fəaliyyətinin genişləndirilməsinin vacibliyini vurğulamışdır.




22/11/11    Çap et