Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

Çində “5G” şəbəkəsi işə salınıb


Çinin “China Mobile”, “China Telecom” və “China Unicom” dövlət mobil rabitə operatorları noyabrın 1-dən ölkənin bir sıra şəhərlərində, o cümlədən Pekin, Şanxay və Şençjendə beşinci nəsil mobil rabitə şəbəkəsini (5G) istifadəyə verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, beşinci nəsil mobil rabitə şəbəkəsinin üstünlüklərindən istifadə etmək üçün abunəçilər “5G” şəbəkəsini dəstəkləyən smartfona malik olmalı, eləcə də “5G” şəbəkəsi vasitəsilə internetə çıxış üçün tarif planlarından birinə keçməlidirlər. Bu tariflərin ən ucuzuna aylıq 30 giqabaytlıq trafik paketi daxildir. Bu tarif üzrə aylıq abunə haqqı isə 18 dollar təşkil edir.

 

Bildirilir ki, hazırda satışda “5G” modulu ilə təchiz edilən smartfonlar az olsa da, onların sayı durmadan artır. Belə ki, bu yaxınlarda “Xiaomi” şirkəti 2020-ci ildə “5G” dəstəkli 10 smartfon buraxacağını açıqlayıb.

 

Bu ilin yazında “5G” şəbəkələri ilk dəfə olaraq Cənubi Koreya və ABŞ-ın bir sıra şəhərlərində kommersiya istifadəsinə verilib. Çin hökuməti şəbəkəni əvvəlcə 2020-ci ilin əvvəlində istifadəyə verməyi planlaşdırsa da, proses ABŞ hakimiyyəti tərəfindən “5G” texnologiyalarının hazırlanması sahəsində dünya liderlərindən olan “Huawei” şirkətinə təzyiqlərə görə sürətləndirilib.

 

“Bernstein” şirkətinin hesabatına görə, bir sıra ölkələrin “5G” rabitəsini daha əvvəl istifadəyə verməsinə baxmayaraq Çin fəaliyyət göstərən dünyanın ən böyük “5G” kommersiya şəbəkəsinə malik olacaq. Proqnozlara görə, 2020-ci ilin sonunadək Çində “5G” abunəçilərinin sayı 120 milyon təşkil edəcək, 2021-ci ilin sonunda isə bu göstərici 465 milyona çatacaq.

 

Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

 

Nizam Nuriyev






04/11/19    Çap et