Bu gün dünya əhalisinin 50%-dən çoxu internetdən istifadə edir və əhalinin 96%-i mobil rabitənin əhatə zonasında yaşayır. BMT-nin rəqəmli inkişaf haqqında yeni araşdırmasına görə, hamı internetin üstünlüklərindən istifadə edə bilmir.
"ICTnews" Elektron Xəbər Xidməti "news.un.org" saytına istinadən yazır ki, Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) son məlumatına görə, indi dünyada kişilərin 58%-i və qadınların 48%-i internetdən istifadə edir. Mobil rabitədə də oxşar vəziyyətdir. Ancaq məlumatları təqdim etmiş 84 ölkədən 24-də mobil rabitədən istifadə edən qadın və kişilərin nisbəti bərabərdir, bəzi ölkələrdə isə qadınların sayı üstünlük təşkil edir. Çilidə mobil rabitədən istifadə edən qadınların sayı kişilərə nisbətən 12% çoxdur.
Ümumilikdə hazırda dünya əhalisinin 96%-i səyyar mobil rabitə siqnalının, 93%-i isə "3G" və ya sonrakı nəsil şəbəkələrinin əhatə zonasında yaşayır. Şimali və Cənubi Amerika, Asiya-Sakit okean regionu və Avropada sonuncu göstərici 95%-dən yuxarı, Ərəb ölkələrində 91%, MDB-də 88% və Afrikada 79% təşkil edir.
Hesabat müəlliflərinin məlumatına görə, indi dünya əhalisinin 50%-dən çoxu (4,1 milyard) internetdən istifadə edir. 3,6 milyard nəfər "Ümumdünya Hörümçək Toru"na qoşulmayıb. Onların əksəriyyəti az inkişaf etmiş ölkələrdə yaşayır. Belə ölkələrdə 10 nəfərdən 2-si internet istifadə etmək imkanına malikdir.
Rəqəmli dünyaya qoşulmağa mane olan əsas problem internet və mobil rabitənin baha olmasıdır. Bundan başqa, yoxsul ölkələrin sakinləri rəqəmli texnologiyalarla işləmək bacarığına malik deyil. Məsələn, 84 ölkədən 40-da əhalinin yarıdan az bir hissəsi elementar kompüter bacarıqlarına malikdir: məsələn, onlar fayl köçürməyi və ya elektron poçtla məktub göndərməyi bilmirlər.
Hesabat müəllifləri bu və digər ölkələrin hökumətlərini əhalinin rəqəmli savadının inkişaf etdirilməsinə xüsusi diqqət yetirməyə səsləyiblər.
BTİ-nin qiymətləndirməsinə görə, 2019-cu ilin sonuna dünyada ev təsərrüfatlarının 57%-i öz internetinə çıxışa malik olacaq. Eyni zamanda 2018-dən 2019-cu ilədək hər bir ailədə kompüterlərin sayı 1% artacaq. Bunun sadə izahı var: bir çox ölkələrdə internetə qoşulmaq üçün insanlara artıq kompüter lazım deyil, bunun üçün smartfon kifayətdir.
Emil Hüseynov