Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

“Google” təhlükəsiz çiplərin yaradılması üçün layihə istifadəyə verib


“Google” şirkəti istehlak qurğuları və data mərkəzi avadanlıqları üçün təhlükəsiz çiplərin yaradılmasını nəzərdə tutan “OpenTitan” layihəsini istifadəyə verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, şirkət açıq spesifikasiyalı və “root-of-trust” mikrosxemlərinin hazırlanması məqsədilə texnoloji şirkətləri əməkdaşlığa cəlb edir.

 

Belə konsepsiya kibermüdaxilələrin qarşısını alan xüsusi modulun mövcudluğunu nəzərdə tutur. Məsələn, qabaqcıl “Google Pixel 4” smartfonlarında bu rolu “Titan M” mikrokontrolleri – qurğu işə salınan zaman quraşdırılmış proqram təminatının təhlükəsizliyini yoxlayan miniatür prosessor oynayır.

 

“OpenTitan” ideyasının mahiyyəti ondan ibarətdir ki, proqram təminatı avtorizə edilmiş və yoxlanılan kodun tətbiq edildiyi təsdiq edilmiş komponentlərdə işə salınır. Bu, düzgün proqram təminatları vasitəsilə yüklənməyə imkan verəcək, server və ya qurğunun təsdiqi üçün unikal kriptoqrafik identifikatoru təmin edəcək, şifrləmə açarları kimi məxfi məlumatları hətta qurğudan fiziki istifadə etmək imkanına malik insanlardan qoruyacaq.

 

“Google” nümayəndələrinin sözlərinə görə, “OpenTitan” layihəsi vasitəsilə yaradılan texnologiyalar çip istehsalçıları, platforma tədarükçüləri və infrastrukturu təkmilləşdirmək istəyən və təhlükəsizliyin qayğısına qalan təşkilatlar üçün faydalı olacaq.

 

Nizam Nuriyev






08/11/19    Çap et