Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
Bu il “BakuTel” sərgisi daha möhtəşəm olacaq
Xəzəryanı və Qafqaz regionlarının ən iri telekommunikasiya sərgisi olan “BakuTel-2011” sərgisinin keçirilməsi ilə əlaqədar olaraq mətbuat konfransı keçirildi.
Mətbuat konfransında Rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə, “Microsoft”un mərkəzi və şərqi Avropada bazar inkişafı üzrə meneceri Veronika Prikryova, “İTE Qrup” şirkətinin icraçı direktoru Edvard Stroon iştirak edirdilər.
Mətbuat konfransında çıxış edənlər qeyd etdi ki, son bir neçə il ərzində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin, habelə beynəlxalq təşkilatları təmsil edən digər rəsmi nümayəndələrin sərgini açılış günündə ziyarət etmələri onun yüksək statusunu təsdiq edir.
Artıq uzun illərdir ki, sərginin inkişafında və formalaşmasında xüsusi rol oynamış Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də “BakuTel” sərgisinə xüsusi diqqət və dəstək verir.
Birləşmiş Millətlər Təşkilatı (BMT) və Beynəlxalq Telekommunikasiya İttifaqı (ITU) kimi beynəlxalq qurumların dəstəyi, habelə Ümumdünya Sərgi Sənayesi Assosiasiyasının (UFI) keyfiyyət nişanı “BakuTel” sərgisinin beynəlxalq nüfuzunu təsdiq edir.
Bu il “BakuTel” sərgisinin keçirilməsi Azərbaycanda Rabitənin yubileyi ilə üst-üstə düşür. 130 il bundan əvvəl Bakıda Nobel Qardaşları tərəfindən ilk telefon xəttinin çəkilməsi ilə Azərbaycanda rabitə sənayesinin yaranma tarixi başlanır. Azərbaycanda rabitənin əlamətdar yubileyi münasibəti ilə “BakuTel” sərgisi çərçivəsində sərgi ziyarətçiləri üçün dolğun işgüzar proqramla yanaşı, bir çox maraqlı tədbirlər də nəzərdə tutulub.
Başda nazirlər olmaqla Avropa Birliyi, İordaniya, Seneqal, İsrail, Türkiyə, Estoniya və digər ölkələrin nümayəndə heyətləri “BakuTel” sərgisində iştirak etmək üçün Bakıya səfər ediblər.
Həmçinin, Avropa Şurası Nazirlər Komitəsinin sədri Yan Kubiş, Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi Hamadun Ture, İslam Əməkdaşlıq Təşkilatının Baş katib müavini Əbdül Moiz Buxari, İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Elm və Texnologiyalar üzrə Daimi Komitəsi (“COMSTECH”) nəzdində fəaliyyət göstərən Baş Assambleyanın Baş koordinatoru Atta-ur-Rəhman və bir sıra digər mötəbər qonaqlar xüsusi olaraq bu sərgidə iştirak edəcəklər.
Builki sərgidə dünyanın 29 ölkəsindən 250-yə yaxın şirkət iştirak edir. Sərginin 40 faizdən də çox hissəsi yerli İT şirkətləri, mobil operatorlar, distribütorlar, rabitə operatorları və servis şirkətləri tərəfindən tutulub. Ənənəvi olaraq, “BakuTel” sərgisinin daimi iştirakçıları olan dünyanın İT texnologiya bazarının ən böyük iştirakçıları da bu sərgiyə toplaşıblar.
İlk dəfə olaraq, “BakuTel” sərgisində Avstriya, Belarus, Macarıstan, Fransa, İran, İsrail, İspaniya, Kanada, Latviya, Litva, BƏƏ, Rumıniya, ABŞ, Türkiyə, Xorvatiya və Estoniyadan 18 milli ekspozisiya da iştirak edəcək.
“Bakı Ekspo” mərkəzinin ikinci pavilyonunda isə həm öz geniş ərazisi, həm də təqdim etdiyi layihələri ilə fərqlənən Azərbaycan Respublikasının Milli Pavilyonu yerləşəcəkdir. Azərbaycanın milli stendi çərçivəsində 13 nazirlik İKT sahəsinə aid layihələri nümayiş etdirəcəklər.
Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi “Elektron hökumət” layihəsini və İKT ilə bağlı digər dövlət layihələrini təqdim edəcək və “Trans-Avrasiya İnformasiya Supermagistralı” (TASİM) layihəsi çərçivəsində görülmüş işlərin nəticələri barədə məlumat verəcəkdir.
Bununla yanaşı, ziyarətçilərin diqqətinə “Bakı Ekspo” mərkəzinin ikinci zalında təşkil olunan və bir çox şirkəti əhatə edən milli stendlərdə maraqlı proqramlar təqdim olunacaq.
Bu proqramlar çərçivəsində İKT üzrə məhsul və xidmətlər, habelə ən yeni təkmilləşdirmələrin və innovativ həll variantlarının təqdimatı həyata keçiriləcəkdir.
“BakuTel-2011” sərgisində təqdim olunan ekspozisiyalar çərçivəsində telekommunikasiyalar, İnternet, proqram təminatı və peyk rabitəsi kimi bir neçə əsas istiqaməti qeyd etmək olar.
Bundan əlavə, dörd gün ərzində sərgi ziyarətçilərinin diqqətinə genişzolaqlı rabitə və texnologiyalar, kabel və simsiz rabitə, teleradio yayımı üçün avadanlıq və texnologiyalar, avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları, təhlükəsizlik sistemləri, bank texnologiyaları və xidmətləri, habelə kosmik sənaye üçün avadanlıq və xidmətlər təqdim ediləcək.
Bununla da, İKT sektorunun demək olar ki, bütün seqmentlərini əhatə edən bu sərgi həm yerli İKT bazarının imkanlarını, həm də xarici tərəfdaşlarla əməkdaşlıq perspektivlərini daha da genişləndirir. “İnnovasiyalar ərazisi” layihəsi çərçivəsində iştirakçılar yeni yüksək texnoloji məhsullar nümayiş etdirəcəklər.
İnnovasiyalar kataloqunda ən yeni avtomatik idarəetmə sistemləri (“SON”), proqram təminatları, peyk rabitəsi üçün servis avadanlıqları, teleradio yayımı üçün avadanlıqlar və texnologiyalar, bank texnologiyaları və xidmətləri, mobil rabitə yenilikləri, yeni ixtisaslaşdırılmış jurnal və s. yer alacaq. İnnovasiyalar kataloqu sərginin bütün iş günləri ərzində sərgi ərazisində pulsuz paylanılacaqdır.
Həmçinin, yeniliklər haqqında məlumatları sərginin www.bakutel.az rəsmi veb-saytından əldə etmək mümkün olacaq. Bundan əlavə, sərginin daha bir innovasiyası - oyunlar ərazisi olacaq. Bütün arzu edənlər “Bakı Ekspo” mərkəzinin ikinci pavilyonunda yerləşən “Microsoft” şirkətinin oyun konsollarında özlərini peşəkar oyunçu qismində sınaya biləcəklər.
“Smart Zone” (“İntellektual ərazi”) – sərginin yeni və əhəmiyyətli layihəsi olacaqdır. Sözügedən layihənin əsas məqsədi gənc mütəxəssislərin təkcə Azərbaycanda deyil, həm də regionda İKT sektorunun ən iri tədbiri sayılan bu sərgi çərçivəsində öz ixtiraları, proqramları və xidmətləri haqqında məlumat vermələrinə imkan yaratmaqdır.
Dünyanın aparıcı şirkətləri daim innovasiyalar axtarışındadırlar və onları gerçəkləşdirməyə, sürətlə inkişaf edən informasiya-rabitə texnologiyalarının sahəsində tətbiq etməyə hazırdırlar.
Gənc istedadların öz ideyalarını təşviq edərək peşəkarların diqqətini cəlb edə bilmələri üçün “BakuTel” sərgisindən daha münasib “start meydançasını” təsəvvür etmək çətindir.
Geniş ünsiyyət, forumlar, seminarlar və təqdimat mərasimlərinin keçirilməsini nəzərdə tutan dolğun işgüzar proqram sərginin ayrılmaz hissəsinə çevriləcək. Sərgi çərçivəsində Azərbaycanda Rabitənin 130 illiyinə həsr edilmiş stend-muzey fəaliyyət göstərəcək.
Bu stenddə ölkənin telekommunikasiya bazarının inkişaf mərhələləri haqqında ziyarətçilərə ətraflı məlumat veriləcək. 24 noyabr tarixində “Bakı Ekspo” mərkəzinin konfrans zalında baş tutacaq “BakuTel” konfransı isə işgüzar proqramın mühüm hissəsini təşkil edir.
Bu konfransda innovasiyaların Azərbaycan bazarında tətbiqi, regionda genişzolaqlı şəbəkələrin inkişafı, “Elektron hökumət” layihəsinin gerçəkləşdirilməsi, infrastruktur və hüquqi baza, internet və sosial şəbəkələrin inkişafı, regional tendensiyalar və İKT sektorunun perspektivləri kimi mövzular müzakirə olunacaq.
Sərgi və konfransın xəbərləri, İKT sektorunun aparıcı simalarının məqalələri, “BakuTel” sərgisinin təqdimat mərasimləri və sənaye xəbərləri “BakuTel” sərgisinin illik “Daily News” (“Gündəlik xəbərlər”) qəzetinin səhifələrində əks etdiriləcək. Bu qəzet sərgi iştirakçıları və ziyarətçilər arasında pulsuz paylanılacaq.
Bu il sərginin baş sponsoru qismində “Microsoft” korporasiyası çıxış edir. Sərginin daimi iştirakçısı və rəsmi internet provayderi olan “AzStarNet” şirkəti isə “Smart Zone” layihəsinin sponsorudur.
“Azerfon-Vodafone” mobil operatoru artıq ardıcıl olaraq ikinci ildir ki, Azərbaycanda “Iteca Caspian” şirkəti tərəfindən keçirilən beynəlxalq sərgi və konfransların rəsmi rabitə tərəfdaşıdır.
Sərginin digər tərəfdaşları arasında “AZAL”, “Greenwich Travel Club” və “Caspel” şirkətləri, habelə “Qafqaz Point” mehmanxanası var. “Iteca Caspian” şirkəti və onun tərəfdaşı, Böyük Britaniyanın “ITE Group plc” şirkəti sərginin təşkilatçıları qismində çıxış edirlər.
Beləliklə, “BakuTel” sərgisi bu il də bütöv bir sektoru təmsil edən mütəxəssislərin görüşləri, rabitə sahəsində əldə edilmiş nailiyyətlərin nümayiş etdirilməsi, informasiya mübadiləsi və kompyuter texnologiyalarının inkişafı üçün səmərəli biznes meydançası olacaq.
Həmçinin, “BakuTel” beynəlxalq sərgisinin keçirilməsi yerli İKT müəssisələrinin inkişafına nəzərəçarpacaq töhfə verir və onları dünya keyfiyyət standartlarına cavab verən rəqabətədavamlı məhsullar istehsal etməyə istiqamətləndirir.
Sərgidə təqdim edilən yeniliklər isə innovasiyalı məhsul, xidmət və texnologiyaların milli bazarda təşviqinə, eləcə də ölkənin qlobal informasiya məkanına inteqrasiya etməsinə köməklik göstərir.
22/11/11 Çap et