Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti

BTİ-nin Baş katibinin salamlama məktubu


Hörmətli sərgi iştirakçıları və qonaqlar!

Mən Bakıda keçirilən 17-ci Azərbaycan beynəlxalq “Telekommunikasiya və informasiya texnologiyaları” sərgi və konfransının bütün iştirakçılarını səmimi qəlbdən salamlayıram.

Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) bütün dünyada insanların informasiya və kommunikasiya texnologiyalarının imkanlarından faydalanmalarını təmin etmək və 2015-ci il üzrə Minilliyin İnkişaf Məqsədlərini (MİM) tez bir zaman ərzində reallaşdırmaq üçün bu geniş imkanlardan istifadə etmək əzmindədir.

Qlobal İKT standartlarının işlənib hazırlanması və radiotezlik spektrinin bölüşdürülməsi sahəsində Beynəlxalq Telekommunikasiya İttifaqının həyata keçirdiyi fəaliyyət dünya rabitə sisteminin konseptual çərçivəsinin əsasını təşkil edir və İKT-nin inkişafı naminə göstərdiyimiz fəaliyyət heç bir kəsin rəqəmsal inqilabdan, xüsusi ilə də yüksək sürətli internet üzərində qurulmuş informasiya cəmiyyətlərinin özləri ilə gətirəcəyi yeni ictimai və iqtisadi mənfəətlərdən kənarda qalmamasını təmin etməkdir.

Məhz buna görə də, Genişzolaqlı Rəqəmsal İnkişaf Komissiyasının yaradılmasında BTİ mühüm rol oynamışdır. Bu komissiyanın təsisçi üzvlərindən biri isə, özü ilə nəhəng yaradıcılıq potensialını da gətirmiş Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Naziri cənab Əli Abbasovdur.

Azərbaycan 21-ci əsrin birinci onilliyində İKT-nin inkişafı sahəsində çox böyük irəliləyişə nail olmuşdur. 2011-ci ildə mobil rabitə xidmətlərinin ümumi əhatə dairəsi 110%-dən çox olmuş, mobil rabitə xidmətlərinə 10,12 milyon nəfər abunə yazılmışdır.

Bu isə təəccüblü deyil, belə ki, Azərbaycanda ÜDM-un artımı olduqca yüksəkdir və bu artımın böyük hissəsini məhz İKT sektoru təmin edir. Hal-hazırda, bu sektor Azərbaycanda iqtisadiyyatın energetika sektorundan sonra ikinci ən sürətlə inkişaf edən sektordur.

“BakuTel-2011” sərgisində iştirakçılar Azərbaycanda İKT sektorunun əhəmiyyətini sübuta yetirən əsaslı dəlillərlə tanış ola biləcəklər.

Bununla yanaşı, iştirakçıların diqqətinə 2003-cü ildə keçirilmiş İnformasiya Cəmiyyətinin Ümumdünya Sammitində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyevin səsləndirdiyi “Qara qızıl” insan kapitalına çevrilməlidir” bəyanatını reallaşdırmaq üçün ölkə iqtisadiyyatının səhiyyə, təhsil, nəqliyyat, dövlət idarəçiliyi və mədəniyyət kimi sektorlarında elektron həll variantlarının geniş tətbiqinin bir çox nümunəsi təqdim olunacaq.
Mən sizin hamınıza, o cümlədən “BakuTel-2011” sərgisinə uğurlar arzulayıram!

Dr. Hamadoun Touré
BTİ-nin Baş katibi




23/11/11    Çap et