Avropa Şurasının Ekspert Komitəsi insan hüquqlarının süni intellektin mənfi təsirindən müdafiəsi üzrə tövsiyələrin hazırlanmasını başa çatdırıb. Avtomatlaşdırılmış məlumat emalı və süni intellektin müxtəlif formalarının hüquq müdafiə aspektləri üzrə Ekspertlər Komitəsi (MSI-AUT) tərəfindən hazırlanan tövsiyələr hazırda ümumi istifadə üçün internetdə yerləşdirilib.
“ICTnews” Elektron Xəbər Xidməti “SecurityLab” resursuna istinadən yazır ki, sənədin hazırlanmasında Vikimedia Fondu və “Access Now” beynəlxalq hüquq müdafiə qrupu iştirak edib. Müəlliflərin sözlərinə görə, sənəd süni intellektin demokratiya və özünü ifadəyə potensial mənfi təsiri ilə bağlı aparılan ictimai müzakirələr nəticəsində hazırlanıb.
Sənədə alqoritmik sistemlərin layihələndirilməsi, tərtibatı və yerləşdirilmə aspektləri – məlumatların idarə edilməsi, modelləşdirmə, təhlil, şəffaflıq, hesabatlılıq, təhlükəsizlik tədbirləri, tədqiqat və ictimaiyyətin məlumatlandırılması daxildir.
Məsələn, alqoritmik sistemlər hazırlayan özəl sektor subyektləri ayrı-seçkiliyin təşviqinin və ya gücləndirilməsinin qarşısını almaq üçün insan hüquqları sahəsində standartlara əməl etməlidir.
Hökumətlərə, həmçinin alqoritmik sistemlərin satınalmaları, inkişafı, tətbiqi və qiymətləndirilməsində iştirak edən kadrların iş qabiliyyətinə nəzarətin həyata keçirilməsi məsləhət görülür.
Dövlətlər süni intellekt sistemləri tərəfindən insan hüquqları üçün mümkün zərərləri azaltmaq məqsədilə müvafiq təcrübəyə malik müstəqil nəzarətedici orqan vasitəsilə bu sistemlərə kənar nəzarəti təmin etməlidir.
Hazırda hüquq müdafiəçiləri arasında təsdiqlənmə mərhələsində olan sənədə dekabrda Avropa Şurasının KİV və İnformasiya Cəmiyyəti üzrə Komitəsi tərəfindən əlavə düzəlişlərin ediləcəyi gözlənilir.
Nizam Nuriyev