Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin elektron xəbər xidməti
RİTN-də seminar keçirildi
Bu gün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi aparatında çalışan dövlət qulluqçuları üçün “Korrupsiyaya qarşı mübarizə, şəffaflığın artırılması və dövlət qulluqçularının etik davranış qaydaları” mövzusunda seminar keçirildi. Seminarda çıxış edən nazirliyin Hüquq və kadrlar şöbəsinin müdiri Bəxtiyar Məmmədov seminarın keçirilməsində əsas məqsədin dövlət qulluqçularının bu istiqamətdə maarifləndirilməsinin onların xidməti vəzifələrinin yerinə yetirilməsində dövlət orqanının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, əməkdaşların xidməti davranışı, habelə fəaliyyətlərində səmərəliliyin və şəffaflığın artırılmasından ibarət olduğunu bildirdi.
B.Məmmədov bildirdi ki, ölkəmiz korrupsiyaya qarşı mübarizə üzrə konvensiyaya qoşulub və bu konvensiyadan irəli gələn məsələlərin həlli istiqamətində tədbirlər davam etdirilir. Bu məqsədlə milli strategiyanın qəbul edildiyini xüsusi qeyd edən natiq əhalinin müraciətlərinə baxılması, nöqsanların, bürokratik əngəlliklərin aradan qaldırılması istiqamətində bütün dövlət orqanlarında, o cümlədən RİTN-də əməli tədbirlər həyata keçirildiyini qeyd edərək elektron imzanın tətbiqindən sonra bu istiqamətdə bir çox məsələlərin öz həllini tapacağını vurğuladı.
Sonra seminar iştirakçıları dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları ilə bağlı qəbul edilmiş normativ-hüquqi aktlarla tanış edilib, bu sənədlərin konkret müddəaları izah olunub.
Sonra nazirlikdə çalışan dövlət qulluqçularının fikirləri dinlənildi, onları maraqlandıran suallar cavablandırıldı. Çıxış edənlər qeyd etdilər ki, seminarın keçirilməsi əməkdaşların iş prosesində peşəkarlığının, vəzifə məsuliyyətinin, fəaliyyət proseslərində səmərəliliyin artırılması məqsədlərini daşımasında mühüm əhəmiyyət kəsb edir.
21/06/11 Çap et