“Airbus” şirkəti 2030-cu ilədək potensial baxımdan ətraf mühiti çirkləndirməyən təyyarə hazırlaya bilər. Bu barədə “Airbus ExO Alpha” şirkətinin icraçı direktoru Sandri Şeffer bildirib.
“ICTnews” Elektron Xəbər Xidməti “TASS” resursuna istinadən yazır ki, məlumata görə, söhbət regional reyslər həyata keçirəcək 100 nəfərlik sərnişin tutumuna malik təyyarədən gedir. Xatırladaq ki, iri təyyarə istehsalçıları 2050-ci ilədək karbon tullantılarının iki dəfə azaldılması ilə bağlı razılığa gəliblər. “Bu gün öhdəliklərin 2050-ci ildə yerinə yetirilməsi üçün yekdil qərar mövcud olmasa da, bu məqsədə nail olmaq üçün bir sıra vahid qərarlar var”, – şirkət rəhbəri vurğulayıb. Onun fikrincə, texnologiyalar təyyarənin tip və ölçüsündən asılı olaraq fərqli olacaq. S.Şefferin sözlərinə görə, ən yeni texnologiyalar iri təyyarələrin tullantılarını azaltmağa kömək etsə də, yerli daşımalar həyata keçirən kiçik hava gəmiləri artıq 2030-cu ilədək zərərli tullantılar buraxmadan uça biləcəklər.
O qeyd edib ki, şirkət hazırda karbon qazı tullantılarının azaldılması üçün bir neçə metod üzərində çalışır. Məsələn, “Airbus” tərəfdaşlar, o cümlədən mühərrik istehsalçıları ilə birlikdə alternativ yanacaq növlərinin, eləcə də aerodinamikanın yaxşılaşdırılması ilə bağlı üsulların tədqiqi ilə məşğuldur.
Nizam Nuriyev